Yəqin ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan əsgərinin tam döyüş təchizatı ilə döyüşə hazır vəziyyətdə olan fotolarına daha çox rast gəlirik.
Başda dəbilqə, kamera, üzdə maska, gözdə hərbi eynək, qulaqda qulaqcıqlar, əldə daraqları doldurulmuş silah, ayağa taxılan bıçaq.
Biz bu fotoları müharibədən əvvəl də görmüşük, amma Ermənistan üzərində qələbədən sonra belə obraz qalib hərbçi simvoluna çevrilib.
Belə formada təqdimat niyə vacibdir?
Hərbi qayda-qanundan irəli gələn tələbləri bir kənara qoyuram, məsələnin hərbi-siyasi məzmunu ilə zəngin olan diktəedici mesajlarına toxunmaq istəyirəm.
Bu mövzuda danışarkən qulaqdakı qulaqcığa diqqət çəkilməlidir. Ona görə ki, bu, o, anlamı verir ki, mənə əmr verilir, əməliyyat birbaşa qərargahdan izlənilir və istənilən “məhv et” əmrini hər an həyata keçirməyə hazıram.
Fikir verirsinizsə, Gorus-Qafan yolunda Azərbaycan postları quraşdırılarkən hərbçilərimiz həmin formada lentə düşürdülər.
Bu, qorxu yaradır, Ermənistan üzərində psixoloji təzyiqi artırır, erməni hərbçilərin isə onsuz da dibə enən müqavimət gücünü daha da sarsıdır.
Belə obraz Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün ikinci “Dəmir yumruq” anlamını kəsb edir, Azərbaycanın seçdiyi metod isə öz effektini göstərir.
Ermənistan ordusunda isə əməlli-başlı necə deyərlər dərəbəyilikdir, elə çaşqınlıq hökm sürür ki, hətta baş nazir Nikol Paşinyan hərbçilərlə görüşərkən onlardan bəzisi avtomatın darağını belə taxmamışdı.
Bu hələ hərbçi obrazlarının müqayisəsidir, hələ ordu arsenalı, qüvvələr nisbətini müqayisə taxtasına gətirmirik.
İndi maraqlıdır: Ermənistan revanşist addımlarını hansı qidalandırıcı mənbədən götürür? Götürsün, onsuz nəticəsi olmayacaq, Azərbaycan onun tələblərinə riayət edilmədiyi halda Ermənistan üzərinə tam təchizatlı hərbçilərini göndərəcək. Bu zaman isə Ermənistan qaçmağa da yer tapmayacaq.
Aqşin Kərimov