Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 19-da Kremlə təşrif buyuraraq rusiyalı həmkarı Vladimir Putinlə görüşdü.
Prezidentlər Kremlin situasiya mərkəzində eyni masa arxasında əyləşərək Rusiyanın strateji çəkindirmə qüvvələrinin planlı təlimini izləyərkən Lukaşenko mimikalarına Kremlin artan qəzəbli maraqlarını həkk etdi.
Bununla da Lukaşenko beynəlxalq masalarda Putinin yanında oturacağı mesajını verir.
Ancaq vəziyyəti daha dəqiq belə xarakterizə edə bilərik: Zaman Lukaşenkonun Rusiyanın müttəfiqindən çox vassalı kimi davranmasına şahidlik edir.
Ukrayna münaqişəsinin üzərinə benzin töküldüyü zamanda Belarus Rusiya “qabığının” daha içərilərinə girir, “qabıqdan qidalanan” yeni tezisləri dilə gətirir.
Belarus Rusiya üçün Avropaya açılan pəncərədə və Ukraynaya müdaxilə üçün strateji əhəmiyyət daşıyır, bunun vaciblik dərəcəsini artırmaq qarşıda duran məqsədlərdəndir.
Rusiyanın planlarında Belarusda hərbi baza yerləşdirmək niyyətinin olduğu ehtimalları getdikcə güclənir, Lukaşenkonun da Putinlə təlimləri izləməsi prosesə hazırlıq kimi qiymətləndirilə bilər.
Təlimi videoformatda izləyən Putin-Lukaşenko tandemi aerokosmik qüvvələrin, strateji raket qoşunlarının, dəniz donanmalarının atışlarına baxaraq Qərbə meydan oxuduqlarını göstəriblər.
Təlimlərdə atılan silahlar:
1. “Kinjal” və “Zirkon” hipersəs raketləri,
2. “Kalibr” qanadlı raketləri,
3. “İskəndər” raketi,
4. “YARS” qitələrarası ballistik raketi,
5. “Kareliya” strateji nüvə sualtı qayığından “Sineva” ballistik raketi buraxılıb.
Dördüncü bənd istisna olmaqla, digər bəndlərin hamısını Ukrayna ilə müharibə həddi kontekstində nəzərdən keçirə bilərik, bu silahlar NATO-nun Avropa cəbhəsinə ötürülən alovlu mesajdır.
“YARS” qitələrarası ballistik raket isə adından da göründüyü kimi bir qitədən digər qitəyə atılmaq üçündür. 12 000 kilometrdəki hədəfləri vurmağa qadir olan “YARS”ın Ukrayna böhranı fonunda atışı daha çox ABŞ-a təhdid yağdırmaq xarakteri daşıyır.
Hərçənd ki, NATO qüvvələrinin hərbi gücü Rusiyanı üstələyir, amma Moskvanın strateji nöqtələrdə möhkəmlənməsi Rusiyaya hərbi-strateji üstünlüklər verir. Rusiyanı hərbi cəhətdən qürurlandıran digər səbəb onda analoqu olmayan qitələrarası ballistik raketlərin, atom sualtı gəmilərinin və hava hücumundan müdafiə sistemlərinin mövcudluğudur.
Ukrayna münaqişəsinin güc yolu ilə tənzimlənməsinə cəhdlər edilərkən belə təlimlər əsəb müharibəsini gərir və münasibətlərin rəngini daha da tündləşdirir.
Qarşılıqlı əzələ nümayişi davam edəcək, bundan sonra NATO-nun da təlim keçirəcəyini gözləmək olar.
Aqşin Kərimov