Ramin Məmmədov: “Azərbaycanın regiondakı münasibətləri Qafqazda yeni formatın yaradıldığını təsdiq edir”

Siyasət

“Azərbaycan regionun aparıcı dövləti kimi bu bölgədə ciddi təsir imkanlarına malik iki güclü dövlətlə münasibətləri ən yüksək səviyyəyə qaldırmaqla Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradıldığını bir daha təsdiq edir”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan regionda sülh və əməkdaşlıq dövrünün başlandığını açıq şəkildə bəyan edib. Bu gün həyata keçirilən siyasətin məqsədi bu yeni dövrün reallıqlarını möhkəmləndirmək, sülh, əməkdaşlıq və rifah üçün zəruri şərtləri təmin etməkdir.

Ramin Məmmədov qeyd edib ki, Azərbaycanın regionun iki böyük gücü ilə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırması ölkənin milli maraqlarına xidmət edir: “Biz çox da uzaq olmayan tarixdə regional güclərlə münasibətləri zədələyən, reallıq hissindən uzaq siyasətin hansı ağır nəticələr verdiyinin şahidi olmuşuq. Çox təəssüf ki, özünü siyasətçi adlandıran bəzi şəxslər, siyasi fəaliyyətlə məşğul olduğunu iddia edən müəyyən təşkilatlar bu gün Azərbaycanın qlobal güclərlə əlaqələrini möhkəmləndirməsini emosiyalara hesablanmış, praqmatizmdən tamamilə uzaq tezislərlə şərh etməyə cəhd göstərirlər. Hesab edirəm ki, bunun iki səbəbi ola bilər: Ya onlar ümumiyyətlə geosiyasətdən xəbərsizdirlər, ya da baş verənləri anladıqları kimi yox, arzuladıqları kimi təqdim etməyə çalışırlar. Bu, çox təəssüf doğurur”.

Millət vəkilinin fikrincə, bu gün dünyada baş verən proseslər ehtiyatlı, düşünülmüş və milli mənafeləri maksimum səviyyədə qorumağa imkan verən xarici siyasət strategiyası həyata keçirməyin son dərəcə zəruri olduğunu göstərir: “Bir çox ekspertlər bu fikri təsdiq edirlər ki, ikinci dünya müharibəsindən sonra dünyada heç vaxt indiki qədər qəliz, gərgin bir vəziyyət yaranmayıb. Bu gərgin mərhələdə ölkənin milli maraqlarını qorumaq, təhlükəsizliyini təmin etmək son dərəcə çətindir. Hesab edirəm ki, bugünkü reallıqlar Azərbaycanın qlobal çağırışlara uyğun düzgün siyasət yürütdüyünü təsdiq edir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir