
Bakı.Trend:
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin
edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Lənkəran,
Bakı-Sabirabad, Bakı-Oğuz, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax,
Mingəçevir-Balakən, Gəncə-Qazax şəhərlərarası avtobus marşrutları
üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.
Bildirilib ki, “Bakı-Lənkəran” marşrutu üzrə fiziki şəxs
Şahverdiyev Vüqar Aydın oğlu;
“Bakı-Sabirabad” marşrutu üzrə fiziki şəxs Baxşiyev Ramin Xələf;
oğlu
“Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs “ALS Logistics Center”
MMC;
“Sumqayıt-Horadiz” marşrutu üzrə hüquqi şəxs “Kaspian Ekspress”
MMC;
“Mingəçevir-Qazax” marşrutu üzrə fiziki şəxs Əliyev Cavad İlqar
oğlu;
“Mingəçevir-Balakən” marşrutu üzrə fiziki şəxs Əliyev Samir
Aydın oğlu;
“Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxs Layıcov Şakir Cəmil oğlu
və hüquqi şəxs “Mələyim” MMC qalib elan olunublar.
Qeyd edilib ki, marşrut xətləri müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Məlumatda qeyd edilib ki, müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli
52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası)
və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların
cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
təşkil olunur.

