
Bakı.Trend:
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 21-22
avqust tarixlərində işğaldan azad edilmiş ərazilərə işgüzar səfər
çərçivəsində Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında
olub.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Baş prokuror əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyində olub. Burada o, müasir və
müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu öndəri
Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi liderin
xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin
hörmətlə anıb.
Daha sonra Baş prokuror Laçın rayon prokurorluğunun inzibati
binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq
əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti
mənzillərə baxış keçirib.
Səfər çərçivəsində Baş prokuror Qubadlı rayon və Qubadlı hərbi
prokurorluğunun xidməti binasında mövcud vəziyyətlə tanış olub,
eləcə də, istifadəyə verilməsi planlaşdırılan yeni inzibati binanın
təmiri prosesi ilə maraqlanıb.
Səfər çərçivəsində Baş prokuror, Cəbrayıl rayon prokurorluğunun
inzibati binasında olaraq prokurorluq əməkdaşlarının iş şəraiti ilə
tanış olub, onlarla söhbət aparıb.
Baş prokuror səfər zamanı həmçinin Kəlbəcər hərbi prokurorluğu
və Kəlbəcər rayon prokurorluğunun inzibati binalarında yaradılan iş
şəraiti ilə də tanış olub, əməkdaşlarla görüş keçirib.
Qeyd edək ki səfər zamanı Baş prokuror Kamran Əliyevi Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Məsim Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid
Hacıyev, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Bəşir Hacıyev, Hərbi prokuror Bəhruz Əhmədov,
Baş Prokurorluq və Hərbi prokurorluğun rəhbər heyəti müşayiət
edib.