Stepan Qavriş: “Biz də Azərbaycan kimi ordunu gücləndirməliyik” – KİYEVDƏN MÜSAHİBƏ

Siyasət

Bu gündən, fevralın 24-dən Ukraynada hərbi vəziyyət tətbiq edilib. O, Rusiya qoşunlarının ölkəyə daxil olması ilə bağlı məlumatların yayılmasından dərhal sonra elan edilib.

Avropa ölkələri və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edərkən, Rusiya Federasiyası da dünən Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını tamamilə təxliyə edib.

Ukraynanın nüfuzlu siyasətçi və analitiklərindən biri, III və IV çağırışların xalq deputatı, hüquq elmləri doktoru, professor, Ukrayna Hüquq Elmləri Akademiyasının akademiki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin keçmiş müavini Stepan Qavriş Ukraynada baş verən hadisələri Oxu.Az-a şərh edib.

O bildirib ki, yaxın vaxtlara qədər Ukrayna ilə genişmiqyaslı müharibə olmayacaq kimi görünürdü:

– Kreml “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nı (“LDXR” – red.) tanıdı. Bu, anqlosaksların informasiya məkanında yeni təmassız müharibə üsullarından istifadə etməsinə görə ABŞ-a bir növ cavab idi. Əslində, onlar təkcə Ukrayna üçün deyil, bütün dünya üçün müharibə təhlükəsinə işarə edərək, Moskvanı küncə sıxışdırdılar. Onlar dünyanı inandıra bildilər ki, Ukrayna ərazisində müharibə hamını təhdid edir və bu, çox təhlükəlidir.

Qərbin hər şeyin bitdiyini düşünməməsi üçün Moskva “LXR” və “DXR” ilə əməkdaşlıq müqaviləsi imzalayıb, hansı ki, ona əsasən asayişi qorumaq üçün Rusiya bu ərazilərə qoşun yeridir. Amma bu yolla Rusiya Federasiyası Ukraynanı işğal edir.

Vladimir Putin yeni reallıq yaratdı… İndi isə Rusiyanın istifadə edə biləcəyi alətlər tükəndi.

Daha önəmlisi, Vladimir Putin Qərbə verdiyi ultimatumun həyata keçirilməsini tələb etdi. Orada üç əsas məqam var. NATO-nun Şərqə doğru genişlənməməsi (təbii ki, Ukrayna nəzərdə tutulur), NATO-nun hücum silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və NATO-nun 1997-ci ildəki mövqelərə çəkilməsi. Bu, təbii ki, heç vaxt baş verməyəcək.

Yəni Rusiya lideri Qərbə doğru hücum xəttindən imtina etməyib, sadəcə strategiyasını dəyişib. Bu nə üçün lazımdır? Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilmək barədə düşünür. Rusiyanın təcrid olunması buna kömək edəcək.

– Qayıdaq Rusiyanın “LDXR”i tanımasına…

– Vladimir Putin öz qərarı ilə əslində Ukraynanın “ağrıyan dişini” çıxartdı. Söhbət Donbasla bağlı Minsk razılaşmalarından gedir. Bundan əlavə, Kreml Qərb üçün fərqli siyasi gündəm ortaya qoyub. Bundan əvvəl o, Rusiyaya daha loyal idi.

“Şimal axını 2” qaz nəqliyyat dəhlizinin sertifikatlaşdırılmasına xitam verildiyini xatırlatmaq kifayətdir. Sanksiyalar ağır olacaq, Qərb onları tədricən tətbiq edəcək. Və onlar yavaş-yavaş Rusiya iqtisadiyyatını və maliyyə sistemini məhv edəcəklər.

– Bəs Ukrayna nə etməlidir?

– Bizim hərbi cəhətdən güclü dövlət qurmaqdan başqa yolumuz yoxdur. Azərbaycan kimi, ərazisi əlindən alınanların etdiyi kimi ordunu gücləndirmək lazımdır. Və sonra bu mövzuya qayıtmaq olar, amma hərbi güc olmadan bu mümkün deyil.

Bunu bir daha siyasətçi kimi yox, analitik kimi deyirəm: Ukrayna yaxşı fürsət pəncərəsi əldə edib. Ayağımıza bağlanan nəhəng bir daşdan xilas olduq, bu, bizə hər il təxminən bir milyard dollara başa gəlirdi. Nəzarət olunmayan ərazilərə sosial və iqtisadi yardım göstərirdik.

Biz müstəqilliyimizin qarantı olan nüvə dövlətlərinə sorğu göndərdik. Onlar öhdəliklərini yerinə yetirəcəklərmi? Əgər bunu etməsələr, o zaman dünya miqyasında nüvə silahı yarışı başlayacaq. Hər bir ölkə ən azı üç və ya dörd nüvə bombasına və ya raketlərə və ya təkrar emal edilmiş uran və ya plutoniumla doldurulmuş döyüş başlıqlarına sahib olmağa çalışacaq.

– Donbas və Minsk razılaşmalarından danışarkən “ağrıyan diş”, “ayağa bağlanan daş”dan danışdınız. Yəni Ukrayna Donbası qaytarmağa hazırlaşır? Yoxsa bu ərazini “əldən çıxan hissə” hesab edir?

– Yaxşı sualdır. Vaxtilə Baltikyanı ölkələrin (SSRİ tərəfindən – red.) işğalı Qərb tərəfindən qəbul olunmurdu. Və bir neçə onillikdən sonra bu dövlətlərdə etiraz aksiyaları SSRİ-nin dağılması prosesini başlatdı.

Ukrayna, görünür, bu gün razılaşmalıdır ki, yaxın gələcəkdə Krım kimi Donbası qaytarmaq mümkün deyil. Rusiya Şərqi və hətta Mərkəzi Avropanı təhdid edən hərbi mövcudluğunu artıracaq, silahlanmanı gücləndirəcək (bu, artıq Kalininqrad vilayətində baş verib, burada nüvə başlıqlarına malik “İskəndər”lər yerləşdirilib). Ukrayna “Baltik üsulundan” istifadə etməlidir: suverenliyini bərpa etmədən hər hansı danışıqlardan, tanımadan, razılaşmadan imtina etməlidir.

Ən azı 2024-cü ilə (söhbət Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərindən gedir – red.), hansısa hadisələrin baş verə biləcəyi vaxta qədər gözləməliyik. Bu vaxta qədər Rusiyaya qarşı sanksiya zərbəsi ölkəni kritik vəziyyətə sala bilər.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir