Rusiyanın versia.ru saytı Azərbaycan tarixinin ən qara günündən yazdı

Siyasət

Dünya tarixində bəşəriyyətə qarşı cinayətlərin çoxlu nümunələri var. Volın, Babi Yar və Xatın adları insanlığa qarşı cinayət nümunələri kimi demək olar ki, hər kəsə tanışdır. Onlarla eyni sırada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçilərinin işğalı zamanı, yüz illərlə yanaşı yaşadıqları qonşularının əlindən xilas olmağa çalışarkən yüzlərlə dinc azərbaycanlının həlak olduğu Qarabağın Xocalı şəhəri də var. 2022-ci ildə Xocalı qətliamının 30 ili tamam olur.

Bu barədə materialın dərc edildiyi Rusiyanın versia.ru nəşrində qeyd olunur ki, Qarabağ onilliklər ərzində vəziyyətin gərgin olduğu ərazidir. SSRİ-nin mövcudluğundan sonrakı 30 il ərzində Qarabağın tarixinə çoxlu kədərli səhifələr əlavə olunub ki, onlardan biri də Xocalıda baş verən hadisələrdir.

Qarabağda münaqişə başlayanda şəhər Azərbaycan hərbçilərinin nəzarətində idi. 1991-ci ilin payızından o, Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. Xocalıda hərbi vəziyyət mövcud idi: su və istilik sistemi işləmirdi, elektrik enerjisi kəsilmişdi, telefon rabitəsi də işləmirdi. Xarici aləmlə əlaqə ancaq helikopterlərin köməyi ilə həyata keçirilə bilirdi. Şəhərin əhalisi, demək olar ki, girov idi. Xocalını tərk etmək çox çətin idi. 1992-ci il fevralın ortalarına qədər yalnız bir neçə yüz sakin təxliyə edildi – onlar helikopterlərlə çıxarıldı. Şahidlərin sözlərinə görə, Xocalıya hücum zamanı onun əhalisinin əksəriyyəti, təxminən 4000 nəfər hələ də şəhərdə qalırdı.

Versiyalardan birinə görə, Xocalıda faciəli hadisələr fevralın 25-dən 26-na keçən gecə kulminasiya nöqtəsinə çatıb. Axşam saat səkkizin yarısına yaxın Ermənistan ordusunun zirehli texnikasının şəhər ətrafında mövqelər tutduğu məlum olub. İki saatdan sonra atəş açmağa başlayıblar. Mərmilər yaşayış binalarına dəyib, bütün şəhərdə yanğınlar başlayıb, çox sayda sakin ölüb və ya yaralanıb.

On kilometr aralıda yerləşən Ağdam istiqamətində yola düşməyə cəhd edən köçkünlərdən kimisi atəşə məruz qaldı, kimisi dağlarda donub öldü.

Hər il fevralın 26-da Azərbaycanda hüznlü bir tarix – Xocalı qurbanlarının anım günü qeyd olunur, bütün respublika faciə qurbanlarının xatirəsini anır. Ölənlərin xatirəsinə keçirilən yürüşlərdə on minlərlə insan iştirak edir – bu, faciə ilə bağlı xatirələrin 30 ildən sonra hələ də canlı qaldığını deməyə əsas verir. Bu aksiyaların keçirilməsində məqsəd ictimaiyyətin diqqətini dəhşətli faciəyə cəlb etmək və onun təkrarlanmamasının qarşısını almaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, həmişə onu xatırlayacaq. Bu, bizim yaddaşımızda əbədi olaraq qalacaq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir