Vaşinqton sənədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasının vacibliyini vurğulayır – Əli Əsədov

Baş səhifə

Bakı. Trend:

Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və
etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.

Trend-in
xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş
xüsusi iclasında bildirib.

Baş nazir deyib ki, bu, təkcə ikitərəfli münasibətlərin
möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat
xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir:

“Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı
ilə keçirilən üçtərəfli sammit bunun bariz təzahürüdür. Bu görüşün
yekununda imzalanmış üçtərəfli Birgə Bəyannamə Azərbaycanın irəli
sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq
səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu
nümayiş etdirir. Regionda sülhün bərqərar olması üçün vacib siyasi
çərçivə formalaşdıran bu sənəd, eyni zamanda gələcək qarşılıqlı
anlaşmanın əsasını təşkil edir. Birgə Bəyannamə çox əhatəli bir
sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı
qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının
tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin
siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir.
İllərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata
keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına
bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi
kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini
qoydu”.

Əli Əsədov qeyd edib ki, Vətən müharibəsindən sonra Prezident
İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan edib ki, Azərbaycanın əsas
hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir:
“Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə
baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan
tərəfindən qəbul edildi. Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında
maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini
vurğulayır. Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi
infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu” (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil,
bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli
dəyişiklik yaradacaq. Öz adımdan və hökumət adından Vaşinqton
zəfəri münasibətilə Azərbaycan Prezidentini və xalqını ürəkdən
təbrik edirəm”.