
Bakı. Trend:
Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını
qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni
mərhələyə yüksəldir.
Trend-in
xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş
xüsusi iclasında bildirib.
Baş nazir qeyd edib ki, Vaşinqton səfəri Azərbaycan-ABŞ
əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdar
oldu:
“Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması
məqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerika
dövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq və
strateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı
1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş
“Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra
məhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezident
İlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariz
təsdiqidir.
Prezident İlham Əliyevin sözləri ilə desək “Bu gün Azərbaycanın
xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı
deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi
faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik”. Ona görə də
Prezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bu
jest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqla
Amerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusi
münasibətini əks etdirir.
Bununla yanaşı, səfər çərçivəsində SOCAR və “ExxonMobil”
arasında əməkdaşlığa dair memorandumun imzalanması “Əsrin
müqaviləsi” ilə əsası qoyulan milli neft strategiyası çərçivəsində
başlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır”.