Qərb Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasından sonra bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edib.
“Forbes”in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyata başladığını elan etməsindən sonra investorlar Rusiya dövlət borcunun defolt riski ilə bağlı bazar qiymətləndirməsini ikiqat artıb.
“Rusiya liderinin ötən gün qeyri-qanuni adlandırdığı bu sanksiyaların nəticələri ağır olacaq və təbii ki, təkcə Rusiya ilə qonşu olan ölkələrin deyil, dünyanın digər ölkələrinin də iqtisadiyyatına təsir edəcək”.
Bunu Oxu.Az-a müsahibəsində İqtisadi Ekspert Platforması qruplarının koordinatoru, Ukrayna İşgüzar Şurasının Müşahidə Şurasının üzvü Oleq Getman deyib:
“Son bir neçə gün ərzində biz tətbiq edilən sanksiyaları və onların nəticələrini dəyərləndirdik. Rusiyaya qarşı sanksiyaları ehtiva edən iki paket mövcuddur. Bu, çox nadir hallarda tətbiq edilən banklara qarşı sanksiyalar, dövlətə və biznesə əsas dünya valyutaları ilə işləməyə qadağa, SWIFT sistemindən ayrılma, həmçinin Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli bir hissəsindən istifadə etmək imkanını itirməsi və sair.
Bütün bu sanksiyalar paketi, bizim nöqteyi-nəzərimizdən əvvəl görünməmiş bir səviyyədədir. Bu sanksiyalar İrana qarşı tətbiq edilmiş və bu ölkənin tamamilə bloklanması ilə nəticələndiyi vaxtdan bəri başqa heç bir vaxt baş verməmişdi. Bunun nəticələri isə əsir İrandakından daha ağır ola bilər. Biz Rusiya Federasiyasının valyuta bazarında çaxnaşma proqnozlaşdırırıq. Şirkətlər təbii ki, öz resurslarını saxlamaq istəyəcək, onları dollar və avroya çevirəcəklər. Rusiya Mərkəzi Bankı uzun müddət bu dalğalanmaları hamarlaya bilməyəcək, ona görə də rublun məzənnəsi xeyli zəifləyərək, bir dollar üçün 100-110 rubla çata bilər. Sonrakı mərhələdə əhali əmanətlərini geri götürməyə və rubllarını etibarlı saxlanc mənbələrinə çevirməyə çalışacaq. Ancaq bunun mümkün olması ehtimalı azdır, insanların çoxu pullarını banklardan çıxara bilməyəcək. Bu ötən əsrin 90-cı illərini xatırladır, o zaman Rusiyada ciddi devalvasiya və inflyasiya baş verdi, bu da bütün malların bahalaşmasına səbəb oldu və insanlar çox tez yoxsullaşdılar. Rusiyada təxminən bax belə bir ssenari gözlənilir. Bundan əlavə, əsas valyutalarla işləməyin qeyri-mümkünlüyü ona gətirib çıxaracaq ki, qaz, neft və digər malların ixracatçıları qazandıqları valyutalarını Rusiya Federasiyasına gətirə bilməyəcəklər. Qazanılan valyuta ehtiyatları Qərb banklarında qalacaq və bu, rublu daha da zəiflədəcək”.
– Amma bütün bunlara baxmayaraq Ukrayna həm də Rusiyanın əsas ticarət tərəfdaşıdır, ən azı son vaxtlara qədər bu belə idi. Anti-Rusiya sanksiyaları Ukraynanı da vura bilərmi? Şübhəsiz ki, bağlanılmış müqavilələr var ki, onların pulunu almaq mümkün olmayacaq.
– Bu məqam mövcuddur. Amma Ukraynanın Rusiya ilə ticarət münasibətləri ildə təxminən 4 milyard dollar səviyyəsində idi. Ukrayna təxminən 70 milyard dollarlıq məhsul ixrac edir, idxalın həcmi isə 80 milyard dollardır. Bunun fonunda 4 milyard elə də ciddi məbləğ kimi görünmür. Və bu itki tez bir zamanda qarşılanacaq. Bundan əlavə, beynəlxalq tərəfdaşlar indi Ukraynaya misli görünməmiş həcmdə vəsait verirlər. Buraya əvəzi istənilməyən maliyyə yardımı və aşağı faizli kreditlər daxildir. Anti-Rusiya sanksiyaları təbii ki, hamı, hətta Avropa ölkələri də öz üzərində hiss edəcək. Lakin bu, onlar üçün ümum daxili məhsulun (ÜDM) bir qədər azalması deməkdir. Rusiya Federasiyası üçün isə ÜDM-in itkisi 5-7-10 faizi təşkil edəcək. Və bu hələ ümumi daxili məhsuldan söhbət gedir. İnflyasiya, hətta hiperinflyasiya və devalvasiya isə əhalini, dediyim kimi, xeyli – iki, hətta üç dəfə də yoxsullaşdıracaq.
– Qazaxıstan ekspertlərinin hesablamaları var ki, Rusiyanın SWIFT sistemindən ayrılması Qazaxıstanın milli valyutası – tengenin məzənnəsinə mənfi təsir göstərəcək. Necə düşünürsünüz, bu, Rusiyaya qonşu dövlətlərin məzənnələrinə təsir edəcəkmi?
– Əlbəttə, demək olar ki, bütün ölkələr təzyiqi hiss edəcək. Sanksiyalar hamıya təsir edəcək. Amma ölkə var ki, (Rusiya.red) onun məzənnəsi qısa müddətdə 20-30 faiz, gələcəkdə isə 100-200 faiz devalvasiya edə bilər. Digər dövlətlərin məzənnələrində, eləcə də ÜDM səviyyəsində bu, faiz dərəcəsində – 1-2-3 faizdə özünü göstərəcək.
– Bəs Qərb Belarus üçün də SWIFT-i bloklasa, nə baş verəcək? Artıq belə proqnozlar verilir. Bu, Rusiyaya və qonşu ölkələrə təzyiqi artıracaqmı?
– Xüsusi bir şey olmayacaq, həmən Rusiya da heç nə hiss etməyəcək. Rusiya Federasiyası üçün maksimum sanksiyalar paketi artıq tətbiq edilib, onların səviyyəsini gücləndirmək üçün demək olar ki, əlavə heç nə qalmayıb. Baxmayaraq ki, Rusiya neftinin və qazının tədarükünə embarqo qoyulması ilə bağlı qərar qəbul oluna bilər. Hazırda bu ssenari müzakirə olunur. SWIFT-in Belarus üçün bloklanması əslində heç nəyə təsir etməyəcək. Bu, kiçik bir ölkədir, əhalisi say baxımından, şərti olaraq Kiyevin şəhərətrafı əraziləri qədərdir. Belarus üçün bu ciddi problem olacaq, lakin onun ticarət tərəfdaşlarının itkiləri minimal olacaq.
– Siz dediniz ki, Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq edilib, lakin hələ də Rusiya neft və qazının tədarükünə embarqo qoyulması ilə bağlı qərarın verilmə ehtimalı var. Postsovet məkanında neft və qaz hasil edən ölkələr var, məsələn, Azərbaycan və Qazaxıstan.
– Belə olan halda sizin üçün fürsətlər pəncərəsi açılır, bunlar müsbət məna daşıyan “super sanksiyalar” konotasiyasıdır. Sadəcə olaraq qalır tez bir zamanda enerji resurslarının Avropaya çatdırılmasının yollarını tapmaq. Bu çatdırılmaların həcmlərini artırmaq lazımdır. Avropa ölkələrinə bu indi lazımdır, Avropanın ildə 100 milyard kubmetr qaza ehtiyacı var.
Nair Əliyev