
Bakı. Trend:
İlon Maskın “The Boring Company” şirkəti Las-Veqasdakı yeraltı
“Vegas Loop” tunel şəbəkəsində “Tesla” avtomobillərinin avtonom
idarəetmə sistemini test etməyə başlayıb.
Trend “Fortune”a
istinadən xəbər verir ki, sınaqlar bir neçə aydır davam edir.
Hazırda avtomobillərdə təhlükəsizlik sürücüləri mövcuddur və onlar
zərurət olduqda idarəetməni öz üzərlərinə götürürlər. İndiyədək
qəza qeydə alınmasa da, tam sürücüsüz rejimə keçidin hələ tez
olduğu bildirilir.
Las-Veqas Konfranslar və Turizm İdarəsinin rəhbəri Stiv Hill
qeyd edib ki, avtonom sistem bəzi çətinliklərlə üzləşir:
stansiyalarda naviqasiyanın dəqiq işləməməsi, parlaq işıqlandırma
və hamar divarların sistemi çaşdırması müşahidə olunub.
“Vegas Loop” sərnişinlərin “Tesla” elektrikli avtomobillərində
stansiyalar arasında birbaşa, aralıq dayanacaqsız hərəkət etdiyi
qapalı tunellərdən ibarət şəbəkədir. Burada nə işıqfor, nə digər
avtomobillər, nə də piyadalar olduğundan sistem üçün ideal mühit
hesab edilir.
Xatırladaq ki, İlon Mask daha əvvəl sürücüsüz “Robotaxi”
xidmətinin ilin sonuna qədər ABŞ əhalisinin yarısını əhatə
edəcəyini vəd etmişdi.