III Dünya müharibəsinin astanasında – ŞƏRH

Siyasət

“III Dünya müharibəsi” deyəndə, bəziləri fikirləşirlər ki, mütləq şəkildə nüvə silahından istifadə olunacaq. Amma III Dünya müharibəsi nüvə silahı olmadan, adi silahların vasitəsilə üçüncü ölkələrdə də ola bilər. Çünki fövqəl dövlətlər bir-biri ilə rəqabəti həmişə üçüncü ölkələrin üzərindən aparıblar”.
 
II Dünya müharibəsindən sonra Qərblə SSRİ arasında yaranan gərginlik sonrakı dövrdə “soyuq müharibə”yə qədər inkişaf etdi. Həmin dövrdən bu yana hegemon dövlətlər arasında yaranan  hər bir siyasi gərginlikdə “nüvə silahı”ndan istifadə ediləcəyi ehtimalı da dilə gətirilib. Bildirilib ki, bu addımın atılması ilə III Dünya müharibəsi başlayacaq. Lakin siyasi gərginlik azaldıqca, bu ehtimal bir müddət gündəmdən düşüb. SSRİ dağıldıqdan sonra ayrı-ayrı bölgələrdə münaqişələr, müharibələr olsa da, III Dünya müharibəsi riski az olub. Amma Rusiya ilə Ukrayna arasında başlanan müharibə bu təhlükəni yenidən gündəmə gətirib.  Bəzi ekspertlər, siyasilər bu münaqişənin III Dünya müharibəsinə sövq etdiyini vurğulayırdı. İndi isə bu fikirlər müxtəlif ölkələrin rəhbərləri tərəfindən dilə gətirilir. Fevralın 27-də ABŞ prezidenti Bayden vurğulayıb ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ üçüncü dünya müharibəsi olardı: “Baxın iki variant var idi: Üçüncü dünya müharibəsinə başlamaq və ya ikinci variant. Əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:
 
Ehtimal nə qədərdir?
 
Belə bir açıqlamanın ardınca, şübhəsiz ki, Rusiyanın cavabı olacaqdı, hansı ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sanksiyalarla bağlı müsahibəsində bunu qeyd edib. Onun fikrincə, idmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara Rusiya hazır idi: “Üçüncü dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”.

Bu açıqlamaların ardınca, demək olar ki, hər kəs dünyadakı siyasi-hərbi hərəkətliliyin fonunda “III Dünya müharibəsi” ilə bağlı ehtimalları analiz edir, təhlillər aparır və ölkələr də buna  uyğun təhlükəsizlik tədbirləri görməyə çalışırlar. Bir sıra dövlətlərin hətta III Dünya müharibəsi ilə bağlı hazırlıq işləri apardığı xəbərləri də yayılır. Belə ki, xarici KİV-in yaydığı məlumata görə, Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü dünya müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.

Baş verən proseslər fonunda bəşəriyyətin III Dünya müharibəsinin astanasında olduğunu iddia etmək olar? Belə bir müharibənin olması ehtimalı nə qədərdir?
 
“Rusiya-Qərb, Qərb-Çin qarşıdurması var”
 
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Zülfüqarov bildirdi ki, indi geosiyasi qarşıdurma mövcuddur: “Yəni Rusiya-Qərb, Qərb-Çin qarşıdurması var. Bəzi məqamlarda bu qarşıdurmalar çox kəskin şəkildədir. Amma bu qarşıdurmalar, belə demək mümkünsə, üçüncü ölkələr üzərindən özünü büruzə verir. Bu gərginliyin hansı səviyyəyə gəlib çıxacağı ayrıca bir sualdır. Çünki bəzən “III Dünya müharibəsi” deyəndə bəziləri fikirləşirlər ki, o, mütləq şəkildə nüvə silahının istifadəsi ilə müşayiət olunacaq. Lakin bu heç də şərt deyil”.


 “Bəzi siyasi çıxışlarda işarə mövcuddur”

Politoloq hesab edir ki, III Dünya müharibəsi nüvə silahı olmadan, adi silahların vasitəsilə üçüncü ölkələrdə də ola bilər. Bunu belə izah etmək olar ki, əvvəllər “soyuq müharibə” deyilən dövr var idi. Belə ki, fövqəl dövlətlər bir-biri ilə rəqabəti üçüncü ölkələrin üzərindən aparırdılar. Misal üçün, Vyetnamda, Əfqanıstanda olan müharibəni göstərə bilərik. Bəlli idi ki, bu müharibəlin arxasında ABŞ və Sovet ittifaqı dururdu. Yəni söhbət ondan gedir ki, nüvə silahından istifadə ilə müharibə ola bilər, yoxsa yox? Doğrusu, inanmaq istəməzdim ki, nüvə silahı istifadə olunacaq. Onu qeyd edə bilərəm ki, artıq bəzi siyasi çıxışlarda buna işarə mövcuddur. Amma ABŞ prezidenti Co Bayden çıxışında bildirir ki, Ukraynadakı qarşıdurmada hərbi güclə iştirak etməyəcəyik. Bu da onu göstərir ki, ABŞ nüvə silahı ilə qarşıdurmaya getməyəcək. Eyni fikirlər həm də NATO rəhbərliyi tərəfindən səsləndirilir. Yəni Ukraynaya kömək olacaq, amma birbaşa orada iştirak etməyəcəklər”.


Proseslər Ukraynada yox, Rusiyada davam edəcək
 
T.Zülfüqarov dünyada müharibə ilə bağlı gərginliyin azalıb-azalmayacağına toxunaraq qeyd etdi ki, bundan sonra proseslər Ukraynada yox, Rusiyada davam edəcək: “Bu da iqtisadi böhranla bağlı olacaq. Ardınca isə Rusiyada siyasi böhran yaşanacaq. Hiss olunur ki, Putin dövrü artıq bitir. Siyasi böhran fonunda hakimiyyətin dəyişməsi də istisna olunmur. Daha doğrusu, gərginliyin aradan götürülməsinin yeganə yolu ondan ibarətdir ki, Rusiya bu müharibədən çəkilsin və diplomatik danışıqlara getsin. Amma Putin buna gedərmi? Hesab edirəm ki, yox. Fikrimcə, Rusiyanın Ukraynaya qarşı müharibəsi səhv addım idi və bunu ilk növbədə Rusiyanın maraqlarına aid etmək olar. Bunun nəticəsində də hakimiyyət dəyişməsi qaçılmaz ola bilər”.  

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir