
Bakı. Trend:
Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə
təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at
şousunun bir araya gəldiyi tədbir keçirilib.
Trend xəbər verir
ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak edib.
Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə
başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan
keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki
daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri
nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi
tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün
olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf
mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb
edir.
Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla
Neftçilər prospekti – Ağ Şəhər bulvarı – Heydər Əliyev Mərkəzi –
Heydər Əliyev prospekti –Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət
edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar
yaşadıb.
Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal
edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi
ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat
vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq
doğurur.
Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub.
Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası və
Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dair
videoçarx nümayiş etdirilib. Beynəlxalq Avtomobil Federasiyasının
tamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkəti
təhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəlif
layihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasında
avtoidman yarışları, sürət festivalları, drift və yolsuzluq
yürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur.
Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksək
qiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIA
mükafatlandırma mərasimində AAF “Klassik avtomobillər” sərgisinə
görə “İrsin Təbliği Kubokuna” layiq görülüb.
ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması,
beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb.
Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədə
Vindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən Etnosport
Mədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyük
rəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünya
miqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonra
tamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı – “Zəfər” proqramı
təqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan
– çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildə
UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idman
növü deyil, həm də zəngin mədəni irsdir. Qeyd edək ki, gələn il
Bakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq. Tədbir
Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyun
idmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib. Çövkən oyunu
Azərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilə
nəticələnib.
Eyni zamanda tədbirdə “Ən yaxşı qadın süvari”, “Ən yaxşı kişi
süvari” və “Ən unikal avtomobil”, “Ən orijinal avtomobil”, “Ən
əfsanəvi avtomobil”, “Ən qədim avtomobil”, “1950–1960-cı illərin ən
fərqli avtomobili” , “1970–1980-ci illərin ən fərqli avtomobili”nin
sürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülər
deyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlar
mükafatlandırılıb. “Ən rəngarəng retro geyimli” üç qalib təltif
edilib.
Gecə konsert proqramı ilə davam edib. Səhnəyə məşhur tenorlar
Vittorio Grigolo (İtaliya) və Yusif Eyvazov (Azərbaycan), eləcə də
soprano ifaçısı Afaq Abbasova (Azərbaycan) çıxaraq opera ifaları
ilə gecəyə sənət ruhu qatıblar. Daha sonra müasir musiqi səhnəsinin
sevilən siması Minelli (Rumıniya) öz enerjili çıxışı ilə
tamaşaçılara unudulmaz anlar yaşadıb.
Tədbir Nazar Holdings, Volvo Cars, Azerbaijan Automobiles,
“Azpetrol” şirkətlərinin sponsorluğu, Motor House, Green Car
mərkəzlərinin, Regional İnkişaf İctimai Birliyi (RİİB) və “Nargis”
jurnalının təşkilati dəstəyi ilə keçirilib.