Prezident İlham Əliyev Çinin aparıcı şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək – Hikmət Hacıyev

Baş səhifə

Tiencin. Trend:

Prezident İlham Əliyev Çinin aparıcı şirkətlərinin nümayəndələri
ilə bir sıra görüşlər keçirəcək.

Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə
açıqlamasında deyib.

“Əməkdaşlığımızın siyasi xarakteri həm iqtisadi, həm ticarət
əlaqələrində, həm də nəqliyyat əlaqələrinin inkişafı və texnoloji
tərəfdaşlığın gücləndirilməsi təşəbbüslərində öz əksini tapır.
Prezident İlham Əliyev bu gün Çinin müxtəlif sahələrdə – enerji və
bərpa olunan enerjidən tutmuş texnologiya, rabitə və digər sənaye
sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri ilə
görüşəcək. Əminik ki, bu səfər Azərbaycan-Çin iqtisadi-ticarət
əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olacaqdır”, – deyə
H.Hacıyev qeyd edib.

O əlavə edib ki, bu il Azərbaycan və Çin arasında ikitərəfli
ticarət dövriyyəsi artıq 40 faizdən çox artıb.

“Biz hesab edirik ki, bu hələ son deyil və tərəfdaşlığımızın
daha da genişlənəcəyini gözləyirik. Bu gün Azərbaycan və Çin
arasında əməkdaşlıq rəqəmsal transformasiya, süni intellekt, bərpa
olunan enerji mənbələri və digər perspektivli sahələri əhatə edən
geniş sahələri əhatə edir”, – deyə Prezident köməkçisi
vurğulayıb.