
Bakı. Trend:
İran özünün dinc məqsədli nüvə proqramına diplomatiya ilə həll
yolunun tapılmasına hazır olduğunu bir daha bəyan edir.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (1
sentyabr) Çində “ŞƏT+” (Şanxay Əməkdaşlıq Təşkilatı Plus) dövlət
başçılarının zirvə toplantısında etdiyi çıxışında deyib.
Onun sözlərinə görə, İranın nüvə obyektlərinə hava zərbələrinin
endirilməsi bir daha sübut etdi ki, bu məsələnin hərbi həll yolu
yoxdur. BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının
bərpa olunmasını nəzərdə tutan “snapback” mexanizmi də məsələnin
daha da mürəkkəbləşməsi və gərginləşməsi ilə nəticələnəcək.
Pezeşkian bildirib ki, İran ABŞ və Avropa üçlüyündən qarşılaşma
yolları əvəzinə ədalətli həll yolu ilə diplomatiyaya üz tutmalarını
istəyir.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik, BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava
hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə
obyektlərinin məhv edildiyi qeyd olunub.

