Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrosmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək. O, ağ fiqurlarla oynayacaq.
Ş.Məmmədyarov VII turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Daha əvvəlki qarşılaşmalarına gəlincə, o, I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub, II, III, IV və VI turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 3 xalla 7-9 yerləri bölüşdürür.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.