
Bakı. Trend:
Avroatlantik təhlükəsizlik arxitekturası Ukraynada genişmiqyaslı
müharibə ilə sürətlə transformasiya olunur. Bu müharibə son
onillikdə NATO-nun daxilində strateji konsepsiyanın yenidən
nəzərdən keçirilməsi, təşkilat üzvləri arasında xərclərin ədalətli
bölüşdürülməsi ilə bağlı kəskin mübahisələr və həyati əhəmiyyətli
regionlarda tərəfdaş dövlətlərlə əməkdaşlığın yeni modelinin
axtarışı kimi həllini çoxdan tələb edən problemlərin çözülməsi
proseslərinin katalizatoruna çevrildi.
Məzkur regionlardan biri də geosiyasi maraqların, enerji
təhlükəsizliyinin və hərbi-strateji planlaşdırmanın fövqəladə
intensivliklə qovuşduğu Cənubi Qafqazdır. Bu kontekstdə unikal
strateji aktivlərə malik Azərbaycan – əsas enerji habı statusundan
tutmuş müasir, döyüş qabiliyyətli orduya və suveren, çoxvektorlu
xarici siyasətə qədər – NATO-nun cənub cinahında layihələrinin
genişlənməsinə dair istənilən ssenaridə mərkəzi aktora
çevrilir.
Cənubi Qafqaza NATO maraqlarını enerji müstəvisindən kənar
təhlil etmək mümkün deyil. Avropa enerji bazarlarının radikal
yenidənqurulması və Rusiya Federasiyasından tarixi asılılığı
azaltmaq məqsədilə enerji təchizatının şaxələndirilməsi
istiqamətində məqsədyönlü səylər fonunda Azərbaycan yeni,
keyfiyyətcə fərqli əhəmiyyət qazanıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) operativ məlumatlarına və
Avropa Komissiyasının rəsmi statistikasına görə, Azərbaycanın
Avropa qaz bazarındakı payı davamlı şəkildə artır. TANAP və TAP qaz
kəmərlərinin işə salınması ilə tamamlanan Cənub Qaz Dəhlizi
layihəsi sırf kommersiya təşəbbüsü deyil, strateji məna daşıyan bir
proqramdır.
Ukrayna müharibəsinin başlamasından və Avropa İttifaqının
Rusiyaya qarşı sanksiyalar paketini qəbul etməsindən sonra Brüssel
təcili şəkildə Bakı ilə enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Memorandum imzaladı. Bu sənədə əsasən, Azərbaycanın
Avropaya qaz ixracı hazırkı təxminən 12 milyard kubmetrdən 2027-ci
ilə qədər 20 milyard kubmetrə çatdırılmalıdır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıq şəkildə
bəyan edib: “Azərbaycan bizim enerji təchizatını şaxələndirmə və
Rusiya qazından imtina cəhdlərimizdə crucial, yəni həlledici
tərəfdaşdır”.
Bu açıqlama Avropanın enerji təhlükəsizliyinin – qitənin ümumi
təhlükəsizliyinin ayrılmaz komponenti olaraq – Azərbaycanın
sabitliyi və Qərbyönümlü kursu ilə birbaşa bağlı olduğunu nümayiş
etdirir.
Deməli, üzv dövlətlərin təhlükəsizliyinə dair birbaşa öhdəlik
nəzərdə tutan NATO üçün Azərbaycanın qazını Avropaya daşıyan kritik
infrastrukturun fasiləsizliyi və müdafiəsi nəzəriyyədən praktiki
hərbi-strateji prioritetə çevrilir. Bu isə avtomatik olaraq
Alyansın Bakı ilə təhlükəsizlik sahəsində tərəfdaşlığı
dərinləşdirmək marağının səviyyəsini artırır.
Fəqət NATO layihələrinin Cənubi Qafqazda genişlənməsinə dair
istənilən müzakirə Alyansın öz daxilindəki sistem böhranına
dirənir. Ukrayna müharibəsi uzun illər yığılıb qalmış ziddiyyətləri
üzə çıxardı və daha da dərinləşdirdi. Ən başlıcası – “burden
sharing”, yəni maliyyə və hərbi yükün ədalətli bölüşdürülməsi
məsələsi. Müdafiə xərclərinin ÜDM-in 2 faizi həcmində olması hədəfi
rəsmi şəkildə qəbul olunsa da, Alyansın bütün üzvləri, xüsusilə də
aparıcı Avropa dövlətləri bu öhdəliyi yerinə yetirmir. Bu isə ilk
növbədə ən böyük yükü daşıyan ABŞ-nin narazılığını doğuran
“struktur narazılığı” formalaşdırır.
“Avropa strateji suverenliyi” ətrafında müzakirələrin
intensivləşməsi də diqqətəlayiqdir. Paris və Berlində, müxtəlif
dərəcədə kəskinliklə olsa da, NATO və ABŞ-dən daha müstəqil
ümumavropa təhlükəsizlik və müdafiə strukturlarının yaradılması
çağırışları səslənir. Fransanın “Avropa siyasi icması” təşəbbüsü də
bu meylin əksidir. Deməli, Cənubi Qafqazda genişlənmə məsələsində
nə Aİ-nin, nə də NATO-nun bu gün üçün vahid, konsolidasiya olunmuş
mövqeyi mövcuddur.
Alyans daxilində təsir zonaları uğrunda rəqabət də müşahidə
olunur. ABŞ-nin “avropalıları Cənubi Qafqaza yaxın buraxmaq
istəməməsi” barədə iddialar əsassız deyil. Vaşinqton regionu
ənənəvi olaraq öz maraqlarının zonası hesab edir, Fransanın
Ermənistanı fəal dəstəkləməsi (müdafiə sahəsində təchizat da daxil
olmaqla) isə bu monopoliyanın mübahisələndirilməsi cəhdi kimi qəbul
olunur. Yunanıstan–Ermənistan və Fransa–Ermənistan hərbi
əməkdaşlığı, bu barədə açıq şəkildə mediada yayılan xəbərlər də
həmin təsir alətidir.
Buna görə də Alyans Cənubi Qafqaz üçün yeni, ümumi strategiya
formalaşdırmazdan əvvəl daxili ixtilafları aradan qaldırmalı və bu
siyasətin həyata keçirilməsində aparıcı aktorun kim olacağını
müəyyənləşdirməlidir: ABŞ, NATO-nun Avropa qanadı, yoxsa hibrid
format.
Belə mürəkkəb və turbulent mühitdə Azərbaycan suveren dövlət
davranış modelini nümayiş etdirir. Bakı bir tərəfi seçmir, əksinə
balanslaşdırılmış, çoxvektorlu münasibətlər sistemi quraraq
strateji müstəqilliyini maksimum dərəcədə qoruyur və müxtəlif
bazarlardan ən yaxşı texnologiya və təcrübələrə çıxış əldə
edir.
Azərbaycan strateji müttəfiqi Türkiyə Respublikası ilə əlaqələri
sayəsində onilliklərdir faktiki olaraq NATO standartları
ekosisteminə inteqrasiya olunub. Alyansda sayca ikinci ən böyük
orduya sahib olan Türkiyə Silahlı Qüvvələri NATO-nun doktrinal
prinsipləri əsasında formalaşıb. Bakı ilə Ankara arasında dərin
hərbi-texniki əməkdaşlıq – PUA, zirehli texnika, yüngül silah
istehsalında əməkdaşlıq və genişmiqyaslı birgə təlimlər –
Azərbaycanın Silahlı Qüvvələrinin NATO-nun əsas üzvlərindən biri
ilə ən yüksək operativ uyğunluq səviyyəsinə çatmasını təmin edib.
Bu, nəzəri “tərəfdaşlıq perspektivi” deyil, artıq reallığa
çevrilmiş və Alyansla dialoqun dərinləşdirilməsi üçün möhkəm baza
yaradan faktordur.
ABŞ–Azərbaycan strateji yaxınlaşması. ABŞ ilə Azərbaycan
arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması son dərəcə
mühüm hadisədir. Hazırda üzərində işlənilən və 2024-cü ilin sonuna
qədər yekunlaşdırılması planlaşdırılan bu sənəd ikitərəfli
münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmağı, təhlükəsizlik,
enerji və ticarətin bütün aspektləri üzrə dialoq üçün daimi
institusional çərçivə yaratmağı nəzərdə tutur. Bu təşəbbüs NATO
daxilindəki hazırkı qarışıqlığı kənara qoyaraq birbaşa Vaşinqtonun
irəli sürdüyü addımdır və ABŞ-nin Bakını müstəqil və son dərəcə
mühüm tərəfdaş kimi gördüyünün göstəricisidir.
Avropa ilə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” (PiM)
kimi proqramları çərçivəsində dialoqu davam etdirir. Amma yeni
reallıqlar fonunda bu tərəfdaşlığın daha genişləndirilmiş və
modernləşdirilmiş versiyasının yaradılması müzakirə olunur. Belə
bir format Azərbaycanın mövcud strateji çəkisini və qarşılıqlı
maraqların səviyyəsini daha adekvat əks etdirməlidir.
Azərbaycanın çoxvektorlu siyasəti xüsusilə müdafiə sahəsində
qabarıq şəkildə özünü göstərir. Hərbi Hava Qüvvələrinin müasir Çin
və Pakistan istehsalı silahlarla (məsələn, “Wing Loong” tipli döyüş
PUA-ları) təchiz edilməsi dövlətin suveren hüququ olmaqla yanaşı,
təchizatçıların şaxələndirilməsi baxımından praqmatik addımdır.
Bundan başqa, Çin ilə Avropanı birləşdirən alternativ logistika
marşrutu olan Orta Dəhlizin (Transxəzər beynəlxalq nəqliyyat
marşrutu – TMTM) artan əhəmiyyəti Pekin–Bakı əməkdaşlığına tədarük
zəncirlərinin təhlükəsizliyi ölçüsünü də əlavə edir ki, bu da Çin
üçün strateji maraq kəsb edir.
Beləliklə, NATO layihələrinin Cənubi Qafqazda genişlənməsi
məsələsi region tərəfdaşlarının istəksizliyi və ya hazırlıqsızlığı
ilə deyil, Şimal Atlantika Alyansının öz daxili transformasiyası
ilə bağlıdır. Vaşinqton, Brüssel, Paris və Berlində trans-Atlantik
münasibətlərin gələcəyi, rolların və məsuliyyət zonalarının
bölüşdürülməsi barədə konsensus əldə olunmayınca, regionda
irimiqyaslı təşəbbüslər fraqmentar və çox vaxt rəqabətçi xarakter
daşıyacaq. Bunu Azərbaycanın və Ermənistanın əməkdaşlıq
vektorlarının diametral şəkildə fərqli olması açıq şəkildə nümayiş
etdirir.
Azərbaycan isə bu şəraitdə strateji dayanıqlıq və praqmatizm
nümayiş etdirir. Bakı NATO daxilindəki mübahisələrin bitməsini
gözləmədən əsas oyunçularla möhkəm ikitərəfli əməkdaşlıq formatları
qurur: Türkiyə ilə – qardaş ölkə və NATO üzvü kimi, ABŞ ilə –
qlobal təhlükəsizlik təminatçısı kimi, Avropa ilə – başlıca enerji
tərəfdaşı kimi, Çinlə isə – texnoloji və iqtisadi kontragent
kimi.
Bu çoxvektorlu model Azərbaycanı hansısa bir təşkilatın
konjonkturasından asılı vəziyyətə salmır, əksinə, ona çevik manevr
etmək, öz müdafiə qabiliyyətini və təhlükəsizliyini gücləndirmək
imkanı verir. NATO daxili rekonstruksiyasını başa vurub Cənubi
Qafqaz ölkələrinə yeni, dəqiq və vahid gündəlik təklif etməyə hazır
olduqda, Azərbaycan danışıqlara güc mövqeyindən çıxış edəcək. Çünki
o zamana qədər müasir orduya, Avropa üçün həyati əhəmiyyət daşıyan
enerji infrastrukturuna və bütün güc mərkəzləri ilə bərabər
məsafəli, qarşılıqlı faydalı dialoq təcrübəsinə sahib olacaq. Məhz
bu amillər Bakını Alyans siyasətinin obyekti deyil, regional
təhlükəsizlik arxitekturasını fəal şəkildə formalaşdıra bilən
tamhüquqlu subyektə çevirir.