İzmirdə Azərbaycan – Türkiyə IV Enerji Forumu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov
və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu
keçirilib.

Trend
xəbər verir ki, forumun açılışında çıxış edən nazir Pərviz Şahbazov
bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji
sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini
formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən,
beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji
müttəfiqlərdir.

Nazir vurğulayıb ki, “bir millət, iki dövlət” prinsiplərinə
əsaslanan və dövlət başçılarının qarşılıqlı inam və güvənlə həyata
keçirdiyi siyasət Azərbaycan-Türkiyə münasibətlərini tarixdə misli
görünməmiş səviyyəyə yüksəldərək bütün enerji layihələrinin
hərəkətverici qüvvəsinə çevrilib.

Bildirilib ki, indiyədək Azərbaycandan Türkiyəyə 120 milyard
kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard,
Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8
ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə
isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji
müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə
verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz
göndərilib.

Energetika naziri deyib: “Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı
ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahəsində
uzunmüddətli tərəfdaş kimi möhkəmləndirən, dəyişən geosiyasi
reallıqlar fonunda regional və qlobal miqyasda mövqelərimizi
gücləndirən yeni mərhələyə daxil olub. “İğdır-Naxçıvan” qaz
kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman”
layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl
enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə
razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü
səhifəsini yazır.”




Qeyd olunub ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi
Asiyadan həm karbohidrogenlərin, həm də “yaşıl enerji”nin Naxçıvan
üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin
edəcək strateji marşrutdur. Bu dəhliz Azərbaycanın əsas hissəsini
Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə
enerji və kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi
Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən
birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında
elektrik bağlantılarının yaradılmasının sürətləndirilməsinin
vacibliyi vurğulanıb. Həmçinin “yaşıl enerji”nin ixracı və tranziti
üzrə Naxçıvan, Zəngəzur marşrutları ilə yanaşı,
“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorunun da
icrasından bəhs edilib.

Çıxışda türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi
ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin
Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələrinə
də toxunulub. Forumun, karbohidrogenlərdən mədənçiliyə, bərpa
olunan enerjidən enerji tənzimlənməsinə qədər geniş sahələri əhatə
edən əməkdaşlığı təşviq etməklə, Azərbaycan-Türkiyə enerji
birliyinin uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi
mövqeyini möhkəmləndirdiyi qeyd olunub.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktar isə deyib ki, Türkiyə və Azərbaycan sahib olduqları
geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş
infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda
regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm
töhfələr verir. Türkiyə və Azərbaycan güclü infrastrukturu və köklü
əlaqələri ilə həm regional təchizat təhlükəsizliyində, həm də
qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmaqda davam
edəcək.

Açılış mərasimində iştirak edən Azərbaycan Prezidentinin iqlim
məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də çıxış edərək iki
ölkənin enerji keçidi sahəsində əməkdaşlığının və COP29
təşəbbüsləri üzrə həmrəyliyinin iqlim məsələlərinə töhfələrindən
danışıb.

Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və
neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin
paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və
mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Həmçinin
enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji
təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji
qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində
ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də
Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik
investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək
razılaşdırılıb. Yekunda “Türkiyə-Azərbaycan IV Enerji Forumunun
Protokolu” imzalanıb.