
Bakı. Trend:
Gələcək nəsil istedadlarını akademiyalar vasitəsilə
dəstəkləyərək və bu gələcək nəsil istedadları vasitəsilə
Azərbaycanda daha güclü iqtisadi mərkəz yaratmağa başlamaq
olar.
Bunu “Huawei” şirkətinin baş icraçı redaktoru Allen Qavin
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC)
Dünya Finalı 2025 kuluarlarında Trend-ə
açıqlamasında deyib.
O, “Huawei”in artıq iki onillikdir ki Azərbaycanla əməkdaşlıq
etdiyini xatırladıb və daha sonra hədəflərdən danışıb:
“Huawei” Azərbaycan tərəfindən müəyyən edilmiş süni intellekt və
rəqəmsal iqtisadiyyatın inkişafı strategiyalarına dəstək olmaq,
ekosistemi qurmaq üçün həqiqətən maraqlıdır. Heç nəyi tərəfdaşlıq
və əməkdaşlıq olmadan qura bilməzsiniz, yalnız bizneslər və dövlət
orqanları arasında deyil, həm də universitet şəbəkələri və daha
geniş ekosistem daxilində əməkdaşlıq vacibdir.
Biz bütün bu sahələrdə iştirak etməkdə maraqlıyıq. Gələcək nəsil
istedadlarını akademiyalar vasitəsilə dəstəkləyərək və bu gələcək
nəsil istedadları vasitəsilə Azərbaycan bölgəsində daha güclü
iqtisadi mərkəz yaratmağa başlamaq olar”.
A.Qavin “Huawei”nin qlobal təcrübəsi əsasında Azərbaycanda
kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsinə və rəqəmsal
transformasiyanın inkişafına necə töhfə verə biləcəyindən bəhs
edib:
“Həqiqət budur ki, “Huawei”in təcrübəsinin töhfəsi, ümid edirik
ki, bizim sahib olduğumuz təcrübə, innovasiyalar və texnologiya ilə
təmin olunur. Bizdə artıq 140 000-dən çox aktiv patent mövcuddur.
Lakin bu, çoxtərəfli bir prosesdir, yəni biz töhfə verərkən, eyni
zamanda, Azərbaycandakı gənc insanlar, hökumət və institutlardan
aldığımız dəstək vasitəsilə özümüz də böyük təcrübə əldə edirik.
Bu, qarşılıqlı fayda yaradır”.
Şirkət rəsmisi “Huawei” və Azərbaycan arasında birgə
təşəbbüslərin yerli İKT istedadlarının və innovasiya
ekosistemlərinin inkişafına necə töhfə verə biləcəyini
dəyərləndirib:
“Bizim bir sıra təşkilati proseslərimiz var. Məsələn, təcrübə
proqramları, usta-tələbə proqramları, təlim düşərgələri,
müsabiqələr, akademiya və universitetlərə dəstək, həmçinin,
universitet müəllimləri üçün 5G və süni intellekt sahəsində təlim
proqramları. Bütün bunlar əməkdaşlıq səyləridir və düşünürəm ki,
bu, həm “Huawei” şirkəti üçün, həm də Azərbaycan üçün qarşılıqlı
faydalı bir baza yaradır. Əlavə olaraq qeyd etmək istəyirəm ki,
Azərbaycanda “Huawei”də işləyən insanların əksəriyyəti
azərbaycanlıdır, yəni bu onlar və biz deyil, bizik”.
“Məncə, əməkdaşlıqda əsas məqam açıq olmaq, daima paylaşmaqdır,
sadəcə kiməsə nə etməli olduğunu söyləmək yox. Bəli, göstəriş verə
bilərsiniz, amma ICPC-də olduğu kimi, siz daima başqalarından
öyrənirsiniz. Biz bir sıra patentlər, 5G təcrübəsi və biliklər
inkişaf etdirmişik, lakin daima öyrənir və uyğunlaşırıq, buna görə
patentlərimizə əlavə edirik”, – deyə A.Qavin fikrini
yekunlaşdırıb.