
Bakı. Trend:
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC (ADY) ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş
yaradan daha bir layihəni uğurla başa çatdırıb.
QSC-dən Trend-ə verilən məlumata görə, Bakı–Böyük Kəsik dəmir
yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və
quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km)
dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb,
bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata
keçirilib.
Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan
vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya
və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə
Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən
qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə
proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir
çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.
Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin
Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin
olunub.
Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən
lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə
daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara
qənaətə, enerji itkilərinin azalmasına, xərclərin
optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət
sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral
dəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində,
o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri,
beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələrdə AC
sistemindən istifadə olunur. Bu, beynəlxalq dəhlizlər üzrə
yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun
məsafələri rahat qət etmək deməkdir.
Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın strateji
nəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək.
Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınma
xərcləri azalacaq, tranzit marşrutlar isə dəniz və avtomobil
nəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu da
Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyini
gücləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən
etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə
statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və
geosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsində
Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttinin
yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı
Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini
tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas
nəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini və
əlavə logistika xərclərini minimuma endirərək əməliyyatların daha
sürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmir
yollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bu
strategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdə
rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.
ADY-nin enerji sistemində dəyişən cərəyan texnologiyasına keçid
yalnız texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və
Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq
öhdəliyinin bariz göstəricisidir. Bu addım sayəsində dizel
dartısına tələbat ciddi şəkildə azalır, enerji səmərəliliyi
yüksəlir və karbon emissiyaları minimuma enir. Bu, ölkəyə
dayanıqlılığa sadiqliyini nümayiş etdirməyə və yaşıl sərmayələri
cəlb etməyə kömək edir. Beləliklə, dəmir yolu yalnız iqtisadi
cəhətdən deyil, həm də ekoloji baxımdan daha dayanıqlı və
rəqabətqabiliyyətli nəqliyyat növünə çevrilir.
Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da
ardıcıl şəkildə genişləndirir. Son illərdə parkın böyük hissəsi
yenilənib və müasir standartlara cavab verir. Bu isə daşımaların
çevikliyini, sərnişin və yük qatarlarının sürətini və ümumi xidmət
keyfiyyətini artırır. ADY-nin davamlı olaraq yenilənən parkında AC
ilə işləyən 15 ədəd müasir sərnişin qatarı və 50 ədəd lokomotiv
var. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla,
9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit cərəyan (DC), həm
də dəyişən cərəyan (AC) ilə işləyir.
AC sisteminə keçid həm də dəmir yollarında bəzi çətinlikləri
aradan qaldırır. Yük və sərnişin qatarlarının hərəkət intervalı
azalır, enerji təchizatı sabitləşir, əməliyyatların idarə edilməsi
isə mərkəzləşdirilir. Bu, həm daxili daşımaları, həm də beynəlxalq
tranziti daha səmərəli və sürətli edir.
Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) və
Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yə
keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu
mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrə
işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti
tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol
infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə
çevriləcək. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə
tranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olan
Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə
yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin
artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən
keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu
modernləşmədən birbaşa faydalanacaq.