
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 8-də
davam etdirilib.
Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.
Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq
olunacaq.
Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də
azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət qeydiyyat nişanlı
avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin
vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev,
Ş.B.Salmanova və onun azyaşlı övladı olub.
Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və
partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin
partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi
şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı
ifadəsində göstərib ki, iki oğlu ilə birlikdə Xankəndi şəhərində
yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz
qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları
səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb
getmələrini bildiriblər. Yaşadığı binanın sakini Ayrapetyan Slavik
bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb
getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev
dağıdılıb.
Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da
Şuşada, Xankəndidə və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı
üzrə olub.
Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin,
mənzillərin yandırılması və digər faktlar üzrə elan olunan
sənədlərdən birinə əsasən şahid qismində dindirilmiş Cahangiryan
Yuriy Osipoviç ifadəsində göstərib ki, Qarabağ İpək kombinatında
“partorq” vəzifəsində işləmiş Koçaryan Robert Setrakoviç “Krunk”
adlanan erməni təşkilatının fəal üzvlərindən birinə çevrilərək
azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını
aparmağa başlayıb. O qeyd edib ki, R.Köçəryan azərbaycanlıların
qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər,
yığıncaqlar təşkil edib, işlədiyi kombinatda azərbaycanlı
əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir edib, onların işdən
çıxarılmasını həyata keçirib və azərbaycanlı əməkdaşların işdən
çıxarılmasını kombinatın erməni olan digər vəzifəli şəxslərindən
tələb edib.
Məhkəmədə Şuşa şəhərini blokadaya salmaq məqsədilə 1989-cu il
oktyabrın 7-də Xankəndi-Şuşa avtomobil yolunun 14-cü
kilometrliyində körpünün partladılması, 1990-cı il fevralın 18-də
Yevlax-Laçın yolu ilə hərəkətdə olan “İkarus 250/59” avtobusunun
partladılması, nəticədə sərnişinlərin xəsarət alması faktları ilə
bağlı sənədlər də elan edilib.
Növbəti sənədlər Hadrut rayonunun Tuğ kənd orta məktəbinin
yaxınlığında azyaşlı Süleymanov Teyyub Fərrux oğlunun öldürülməsi,
Şahbazov Mirəli Əlislam oğlunun, Zeynalov Oqtay Cahangir oğlunun,
Məmmədov İlham Yunis oğlunun, Adgözəlov Vilayət Səfər oğlunun,
Əmiraslanov Bulut Hüseynalı oğlunun xəsarət almaları, 1989-cu il
noyabrın 3-də Şuşa rayonunda Ermənistana məxsus “Mi-8” markalı
mülki helikopterdə silah-sursat (hərbi geyim, partlayıcı maddə,
odlu silah və hərbi təyinatlı müxtəlif əşyalar) aşkar edilməsi,
Qafan stansiyasından Şayıflı stansiyasına (Zəngilan rayonu – red.)
gələn 23527 nömrəli sərnişin-yük qatarının Qafan stansiyasının
36-cı kilometrliyində odlu silahdan atəşə tutulması, Göygöl rayon
daxili işlər şöbəsinin Çaykənd zonası üzrə baş sahə müvəkkili,
milis kapitanı Abışov Mətləb Misir oğlunun öldürülməsinə cəhd
edilməsi, Aslanov Eldar Xıdır oğlunun və Mustafayev Müşfiq Rəşid
oğlunun xəsarət almaları, Xocavənd rayonunun Qaradağlı kəndi
istiqamətində partlayıcı qurğu atılması, Abbasov Sakin Sakit
oğlunun və Quliyev Şahbaz Mürsəl oğlunun öldürülmələri, Vəliyev
Nəriman Bəhman oğlunun girov götürülməsi faktları ilə bağlı
olub.
Elan olunan sənədlərdən bir neçəsi 1990-cı il yanvarın 12-də
Todan kəndinə silahlı basqın edilməsi faktı üzrə olub. Qeyd edilib
ki, həmin gün saat 17 radələrində Ermənistan qüvvələri tərəfindən
helikopterdən istifadə etməklə və piyada Ağcakənd qəsəbəsinin Todan
kəndinə silahlı hücum edilib. Dinc əhalinin gülləbaran edilməsi
nəticəsində Xanlar adına kolxozun idarə heyətinin sədri Əlihüseynov
Əliqara Əliaslan oğlu, Məmmədov Abbasqulu Əzim oğlu, Qasımov
Ruzigar İmran oğlu və Əliyev Bəxtiyar Nadir oğlu hadisə yerində
ölüb, daha bir neçə nəfər yaralanıb.
Növbəti sənədlər Xankəndi aeroportunda təyyarə (havaya Yerevan
şəhərindən qalxıb) yüklərinin arasından silah-sursatın aşkar
edilməsi, Vəliyev Neman Əli oğlunun öldürülməsi, Sədərək kəndinin
atəşə tutulması nəticəsində bir neçə nəfərin öldürülməsi, Əliyev
Eldəniz İlham oğlunun, Verdiyev Bilal Əbülfəz oğlunun, Məmmədov
Sahib Cəmil oğlunun girov götürülərək 6 gün qanunsuz olaraq
azadlıqdan məhrum edilməsi və onlara işgəncə verilməsi faktları ilə
bağlı olub.
Bundan başqa, məhkəmədə Qazax rayonunun Bağanıs Ayrım kəndinə
basqın edilməsi faktı üzrə bəzi fotoşəkillər nümayiş etdirilib.
Qeyd edilib ki, həmin hadisə üzrə sənədlər əvvəlki məhkəmə
iclaslarında tədqiq edilib, zərərçəkmişlər ifadə verib.
Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.