Orta Dəhliz dənizə çıxışı olmayan ölkələr üçün həyati əhəmiyyətlidir – Ceff Erlix

Baş səhifə

Bakı. Trend:

Orta Dəhliz dənizə birbaşa çıxış olmayan ölkələr üçün həyati
əhəmiyyət kəsb edir.

Trend xəbər verir
ki, bunu Amerika Ticarət Palatasının Qazaxıstandakı icraçı
direktoru Ceff Erlix Amerika biznes nümayəndə heyətinin Bakı
səfərinin yekunlarına dair keçirilmiş brifinqdə bildirib.

“Əlbəttə, biz burada, Azərbaycanda həmkarlarımızla nahardan
təzəcə qayıtmışıq. Amerikan-Azərbaycan Ticarət Palatasına bu
təşəbbüs üçün təşəkkür edirəm. Natiq, bildiyiniz kimi, çox
təvazökar insandır, amma bu ideya ona illər öncə məxsus idi və biz
yalnız indi onu gerçəkləşdirə bildik.




Beləliklə, mən burada 107 şirkəti, əsasən, beynəlxalq amerikalı
şirkətləri təmsil edirəm. Mərkəzi Asiyada biznes icması üçün,
əlbəttə ki, xam maddələr və sənaye məhsulları üçün davamlı ixrac
marşrutlarının mövcudluğu son dərəcə vacibdir. Çünki Qazaxıstan
sənaye məhsullarının, neft-kimya sənayesinin inkişafına çalışır,
yəni yalnız xam neft yox, həm də neft-kimya məhsulları. Şaxələnmiş
nəqliyyat marşrutlarının olması son dərəcə vacibdir”, – deyə o
bildirib.

Erlix Qazaxıstan və Azərbaycanın dənizə çıxışı olmayan ölkələr
olduğunu qeyd edib.

“Bəli, onların Xəzər dənizinə çıxışı var, amma hələ də dənizə
çıxışı olmayan ölkələr hesab olunurlar. Buna görə də bu marşrutun
açılması və gücləndirilməsi son dərəcə vacibdir. Dənizə çıxışı
olmayan və malların ixracı və idxalından asılı olan ölkələr üçün
nəqliyyat infrastrukturu firavanlığın açarıdır. Onun olmaması
irəliləyişi məhdudlaşdırır; onunla isə gələcək ümidverici görünür”,
– deyə o əlavə edib.