
Bakı. Trend:
Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali məktəblərində dövlət
hesabına təhsil almasına imkan yaradan “Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair
2022–2028-cı illər üçün Dövlət Proqramı” bu günə kimi minlərlə
tələbənin həyatını dəyişib. Bu proqram sayəsində bizim gənclər
yalnız yüksək keyfiyyətli təhsil almaqla kifayətlənmir, həm də
Azərbaycanın beynəlxalq elmi-akademik nüfuzunu yüksəldirlər.
Strateji əhəmiyyətli layihə kimi “2022–2028-ci illər üçün Dövlət
Proqramına” görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq.
Həmçinin bu proqramın ardıcıl icrası istiqamətində son illər
Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi xeyli iş görüblər.
Xaricdə təhsil üzrə Dövlət Proqramı ölkənin insan kapitalına
edilən ən qiymətli sərmayələrdən biridir. Neft Fondunda toplanan
vəsaitlər sayəsində minlərlə gənclərimiz xaricdə təhsilə
göndərilir. Dövlət Proqramı sayəsində gənclər elm, texnologiya,
fundamental və tətbiqi elmlər, mühəndislik, ictimai elmlər və digər
sahələrdə dünya təcrübəsini öyrənərək artıq Azərbaycan cəmiyyətinə
fayda gətirirlər. Təəcüblü deyil ki, ötən il ölkə rəhbərliyinin
qərarı ilə Dövlət Proqramının müddəti uzadıldı, həmçinin xaricə
gödəriləcək bizim tələbələrin kvotası 500-dək artırıldı.
Lakin burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: Dövlət
Proqramının maliyyə şərtləri və tələbələrin xaricdə təhsil xərcləri
illər öncə təsdiq olunub. Son illər ərzində isə həm Azərbaycanda,
həm də dünyada qiymətlər dəfələrlə artıb, amma DP üzrə
maliyyələşdirmə qaydaları dəyişməz qalıb.
Məsələn, azərbaycanlı tələbələr arasında çox populyar olan Böyük
Britaniyada Dövlət Proqramı ilə ayrılan aylıq yaşam xərci 1300–1500
funt sterlinq təşkil edir. Bunun təxminən 700–800 funtu yataqxana
yaxud kirayə mənzilə sərf olunur. Qalan məbləğ isə qida, nəqliyyat,
tədris materialları və digər gündəlik xərclərə çatmalıdır. Bu gün
Britaniya və digər Qərb ölkələrində inflayasiya çox sürətlə artır
və yaşam xərcləri mütəmadi qaydada yüksəlir. Nəticədə indi bizim
oradakı tələbələr çox vaxt Bakıda yaşayan valideynlərinin əlavə
maddi dəstəyinə ehtiyac duyurlar.
Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, bu işə məsul
qurumlar proqram üzrə xərclər normasına yenidən baxmalı və
rəqəmləri müasir iqtisadi reallıqlara uyğunlaşdırmalıdırlar. Dövlət
Proqramının aylıq xərclər norması əhatəli şəkildə yenidən gözdən
keçirilməli və müasir inflyasiya və yaşayış səviyyələrini nəzərə
alaraq büdcə artımı təmin edilməsi yaxşı olardı.
Ümumilikdə isə Dövlət Proqramı Azərbaycanın gələcəyinə yönəlmiş
strateji bir layihədir. Xaricdə təhsil alan gənclərimiz sabahın
peşəkar mütəxəssisləri, alimləri və liderləri olaraq ölkənin
inkişafına töhfə verirlər. 2022–2028-ci illər üçün Dövlət Proqramı
— insan kapitalına yönələn strateji bir investisiyadır. Onun
sayəsində gənclər dünya təhsil sisteminə inteqrasiya olunur, ali
akademik mühitlərdən faydalanır və ölkənin sosial-iqtisadi
inkişafına bilavasitə töhfə verir. Şübhəsiz ki, bu gün təhsilə
qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv
yollardandır.
R. Əhmədova