Xəzərdə layihələrin gerçəkləşdirilməsi zamanı iqlim dəyişiklikləri nəzərə alınmalıdır – “ACWA Power”

Baş səhifə

Bakı. Trend:

Xəzərdə obyektlərin layihələndirilməsi zamanı iqlim
dəyişiklikləri və onların nəticələri əvvəlcədən hesablamalarda
nəzərə alınmalıdır.

Trend xəbər verir
ki, bunu “ACWA Power”in Azərbaycan və Türkiyə üzrə baş direktoru
Selim Güven Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və
Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Alternativ su
mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”mövzulu panel
müzakirələrində çıxışı zamanı bildirib.

“İstənilən layihəyə başlamazdan öncə bazarda strateji meylləri
nəzərə almaq vacibdir. Bunun əsasında prosesləri qurmaq və
yanaşmaları layihələndirmənin özünə daxil etmək mümkündür. Amma hər
zaman nəzərə alınması labüd olan amillər var – su ehtiyatlarına
təsir göstərə biləcək bataqlıqlar, su hövzələri və ya xüsusi təbii
şərait. Su – hərəkətli mühitdir. Xəzər də, Fars körfəzi regionu
kimi, iqlim dəyişikliklərinin təsirini yaşayır. Bütün bunlar 25
illik istismara hesablanan obyektlərin fəaliyyətinə təsir edir:
onlar gələcəkdə qaçılmaz olacaq dəyişikliklərə hazır olmalıdır”, –
deyə Güven bildirib.




Onun sözlərinə görə, layihələndirmə zamanı tələbatdakı müəyyən
dəyişkənliklər, suyun keyfiyyəti və götürülən həcmlərdə
dəyişikliklər əvvəlcədən nəzərə alınmalıdır ki, müqavilənin bütün
müddəti ərzində sabit keyfiyyət təmin olunsun.

“Biz bunları layihələndirməyə ilkin mərhələdən daxil edirik:
obyektləri modul şəklində qururuq, əlavə elementləri hələ işləmə
mərhələsində nəzərdə tuturuq ki, 25 illik istismar ərzində baş
verəcək gələcək dəyişikliklərə və risklərə hazır olaq. Bütün bunlar
risklərin idarə edilməsidir. Doğrudur, bu zaman, diqqət və texniki
ekspertiza tələb edir, lakin məhz bu, layihənin bütün həyat
dövründə problemlərin qarşısını almağa imkan verir”, – deyə Güven
vurğulayıb.