
Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə su
və digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlıq (PPP)
layihələrinə dəstək verməyə hazırdır.
Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş investisiya
mütəxəssisi Nikola Saporiti Trend-ə açıqlamasında bildirib.
O, əvvəlcə təmsil etdiyi qurum haqqında qısa məlumat verib: “Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun bir
hissəsidir:
“Qrup olaraq Dünya Bankının Azərbaycanla uzunmüddətli əməkdaşlıq
tarixi var. Dünya Bankı əsasən dövlət sektoruna aid layihələri
maliyyələşdirir.
IFC isə özəl sektorun rəhbərlik etdiyi layihələr üzrə məsləhət
verir və maliyyələşdirir. Hazırda biz “ACWA Power” şirkəti ilə
aparılan danışıqlarda Azərbaycanın iqtisadiyyat nazirliyinə
məsləhətçi rolundayıq və bundan çox məmnunuq, çünki bu, çox kritik
bir layihədir”.
Hazırda Azərbaycanın iqtisadiyyat nazirliyi ilə kiçik bir
müqavilələrinij olduğunu xatırladan IFC rəsmisi bildirib ki, bu
müqavilə çərçivəsində IFC onlara suyun duzdan təmizlənməsi
layihəsinin (desalination project) müqaviləsini strukturlaşdırmaq
və danışıqlar aparmaqda kömək edir:
“Suyun duzsuzlaşdırılması layihəsi üzrə pilot layihə artıq
tamamlanma üzrədir. Bu layihə hazırda “ACWA Power” ilə müzakirə və
qiymətləndirmə mərhələsindədir.
Mən bu səbəbdən buradayam. Ümid edirəm ki, sabah yenidən
nazirliklə görüşüb gələcəkdə hansı digər layihələrdə birgə işləyə
biləcəyimizi də müzakirə edəcəyik. Mən bilirəm ki, hökumət həm
dövlət, həm də özəl vəsaitlər, eləcə də ictimai-özəl tərəfdaşlıqlar
vasitəsilə tullantı suyun təmizlənməsi və bəlkə də, təkrar
istifadəsini genişləndirmək üçün çoxlu investisiya etməyi
planlaşdırır”.
N. Saporiti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması
layihəsi üzrə işlərin mərhələli şəkildə necə davam etdiyini
açıqlayıb:
“Keçmişdə dəniz suyunun duzsuzlaşdırılması üzrə bəzi həyata
keçirilmə (“feasibility”) tədqiqatları aparılıb. Sonra hökumət
texniki baxımdan layihəni strukturlaşdırmaq üçün bəzi məsləhətçilər
işə götürüb. Məsələn, zavodun ölçüsü necə olmalıdır, harada
yerləşməlidir və kommersiya baxımından hökumət suya necə ödəniş
edəcək. Əgər inflyasiya baş verərsə nə olacaq? Əgər tələb daha az
və ya daha çox olarsa nə olacaq? Bu kimi məsələlər müqavilə
strukturu ilə bağlıdır. Sonra onlar hüquqşünaslar işə götürüblər və
müqavilələr hazırlayıblar. Bu müqavilələr “ACWA Power” və hökumət
arasındakı əlaqəni tənzimləyəcək.
Daha sonra onlar açıq tender keçirdilər, bir çox beynəlxalq
şirkətə təklif vermək üçün dəvət göndərdilər. Şirkətlər
təkliflərini təqdim etdilər. Hökumət isə iki-üç ay ərzində
təklifləri müqayisə edib ən yaxşısını qiymətləndirdi. Ən yaxşı
təklifin burada əsas sponsor olan “ACWA Power”dan gəldiyi qərara
alındı.
Mart ayından indiyə qədər hökumət və “ACWA Power” bu vacib
müqaviləni səhifə-səhifə gözdən keçirirlər. Bu müqavilə hökumət ilə
bu özəl şirkət arasındakı münasibətləri, zavodun tikintisi və
əməliyyatı üzrə növbəti 25-30 il üçün tənzimləyəcək”.
N.Saporiti bu istiqamətdə danışıqların davam etdiyini
vurğulayıb: “Mənim bildiyimə görə, müqavilənin imzalanması üçün
hələ ki, kiçik detallar qalır. Bu, gələn həftə və ya ondan sonrakı
həftə baş verə bilər. Yəni yaxın günlərdə Azərbaycanın səlahiyyətli
qurumu ilə “ACWA Power” arasında dəniz suyunun duzsuzlaşdırılması
üzrə müvafiq layihə ilə bağlı müqavilə imzalanacaq.
Sonra “ACWA Power” müqaviləni götürəcək və layihə üçün maliyyə
axtaracaq. Onlar ehtimal ki, bəzi Əlcəzair banklarına və bəlkə də
mənim kimi bəzi beynəlxalq maliyyə institutlarına müraciət
edəcəklər. Layihəni ən sərfəli və ucuz şərtlərlə maliyyələşdirmək
istəyirlər ki, suyu ən aşağı qiymətə satsınlar. Məncə, bu, təxminən
altı ay çəkə bilər”.
IFC rəsmisi qeyd edib ki, onlar həmçinin Azərbaycan hökumətinə
su təsərrüfatı ilə yanaşı, eləcə də nəqliyyat, telekommunikasiya və
ya hökumətin ehtiyacı olan digər infrastruktur sahələrində
ictimai-özəl tərəfdaşlıq layihələrində dəstək göstərməyi ümid
edir:
“IFC ümumiyyətlə, bütün inkişaf maliyyələşdirmə institutları
kimi strategiyasında iqlim dəyişikliyi ilə mübarizəni ən prioritet
məsələlərdən biri kimi müəyyən edir. Mənim həmkarlarım, investisiya
tərəfini idarə edənlər layihələri maliyyələşdirir, kredit ayırırlar
və həmişə günəş, külək, hidroenerji, batareya layihələri kimi bərpa
olunan enerji layihələrinə baxmaqdan məmnundurlar. Əminəm ki,
həmkarlarım Azərbaycanda bu sahədə daha çox layihəni
maliyyələşdirməkdən məmnund olardılar”.
“Dünya Bankının iş prinsipi belədir: biz hökumətlər tərəfindən
idarə olunuruq. Azərbaycan da Dünya Bankı Qrupunda müəyyən pay
sahibidir. Bir neçə ildən bir hökumətlərimizlə oturub əməkdaşlıq
strategiyasını birgə müəyyən edirik.
Azərbaycan üçün bu strategiya bərpa olunan enerji keçidinə
dəstək, infrastruktur sahələrinə çıxışın təmin edilməsi (logistika,
nəqliyyat və s.) və iş yerlərinin yaradılmasını əhatə edir. İş
yerlərinin yaradılması indi Dünya Bankının əsas mövzusudur”, – deyə
N.Saporiti əlavə edib.