Ağciyər Xəstəlikləri Mərkəzi tabeliyində olan Doğum Evinin fəaliyyəti yenidən təşkil edilib

Baş səhifə

Bakı. Trend:

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri
Mərkəzinin nəzdindəki Doğum Evi müasir tələblərə uyğun şəkildə
yenidən təşkil edilərək istifadəyə verilib.

Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və
aidiyyəti struktur bölmə rəhbərləri Doğum Evinin fəaliyyəti ilə
tanış olub.

Doğum Evinin fəaliyyəti haqqında məlumat verən Ağciyər
Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki,
müasir tələblərə uyğun yenidən qurulan tibb müəssisəsi keyfiyyətli
və ixtisaslı tibbi xidmətlərin göstərilməsi üçün tibbi
avadanlıqlarla təchiz olunub, tənəffüs orqanları xəstəliklərindən
əziyyət çəkən hamilələrin diaqnostikası, müalicəsi və doğuşu üçün
bütün zəruri şəraitlə təmin olunub.
Tibb müəssisəsində vərəmə yoluxan və ya bu xəstəliyə yoluxmaqda
şübhəli hesab edilən hamilələrin sağlam körpə dünyaya gətirməsi
üçün observasiya zonası yaradılıb.

5 min (4 364) kvadratmetr sahəni əhatə edən ikimərtəbəli tibb
müəssisəsində iş prosesinin səmərəli təşkili, xəstələrə qulluğun
yüksək səviyyədə təmin edilməsi üçün müasir şərait yaradılıb.
Doğum evində əməliyyat, prosedur və doğuş otaqları, habelə 30
çarpayılıq Ginekologiya, 5 çarpayılıq Anesteziologiya və
reanimasiya şöbəsi tam müasir tələblərə uyğunlaşdırılıb və hər bir
yataq havalı döşəklə təmin edilib.




Cərrahiyyə blokunda əməliyyat, əməliyyata hazırlıq və ayıltma
otaqları, Doğum şöbəsində doğuş otağı və doğuşahazırlıq palatası
yaradılıb.

Cərrahiyyə bloku və Doğuş otağı, Reanimasiya otağı və palatalar
müasir tibbi avadanlıqlarla, o cümlədən anesteziya, süni
ventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuum
sistemləri, defibrillyator, monitor kompleksləri, portativ rentgen,
USM cihazları və digər avadanlıqlarla tam təchiz edilib.
Yenidoğulmuşların intensiv terapiyası və reanimasiya şöbəsində
yerləşən palatalarda normativlərə uyğun bütün şərait yaradılıb.
Eyni zamanda ana südü ilə qidalanmanın təbliği məqsədilə tibb
müəssisəsində Ana və uşaq otağı yaradılıb.

Pasiyentlərin günün hər saatında bütün laboratoriya testlərinin
və instrumental müayinələrinin aparılması üçün şərait
yaradılıb.

Tibb müəssisəsində Aptek, Qeydiyyat, Texniki dəstək bölmələri
ilə yanaşı, qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar
üçün ayrıca köməkçi sahələr ayrılıb.
Doğum evi yüksək sürətli internet şəbəkəsi və müasir kompüter
avadanlıqlarla təchiz olunub, tibbi xidmətlərin
elektronlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb. Bu
imkanlar tibb personalının işini asanlaşdırmaqla yanaşı,
pasiyentlər üçün də təhlükəsiz mühit yaradır.
Doğum evinin istifadəyə verilməsi ana və uşaq sağlamlığının
qorunması, vərəmin qarşısının alınması və sağlam cəmiyyətin
formalaşdırılması istiqamətində mühüm addımdır