
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin
açılışında iştirak edib.
Trend xəbər verir
ki, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə
dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi
barədə məlumat verdi.
Bildirildi ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən
28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar
ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək
keyfiyyətlə icra olunur.
Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də
məlumat verildi.
Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci
ilin oktyabrında qoyub.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni
vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə
kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə
tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək
elementlərindən istifadə olunub.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan
dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən
dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası,
həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər
görülür.