Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası
binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun
açılışında iştirak edib.

Trend xəbər verir
ki, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin
rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının
rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir
Babayev dövlətimizin başçısına yaradılan şərait barədə məlumat
verdilər.

Bildirildi ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb
və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin
tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz
edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və
imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları
yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya
laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar
fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə
hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və
dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək.
Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri
biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə
çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik
keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar
veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn
olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir.
İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və
ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb
edir.

Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikası binasında
yaradılmış şəraitlə tanış oldu. Klinika Prezident İlham Əliyevin bu
ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın
binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım,
maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və
angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil
ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb.
Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan
tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu
sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin
sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni
zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata
keçiriləcək.

Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və
sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün
çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması
istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən,
klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ
Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin
artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini
verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali
təhsil ocağına marağını artıracaq.