Türkiyədə vətəndaşlıq üçün daşınmaz əmlak tələbi: Azərbaycanlılara təsir edəcək?

İqtisadiyyat

Türkiyədə qəbul edilmiş yeni qərara əsasən, əcnəbilər ən azı 400 min ABŞ dolları dəyərində daşınmaz əmlak aldıqları təqdirdə onlara bu ölkənin vətəndaşlıq hüququ veriləcək. Bu vaxta qədər isə Türkiyədə vətəndaşlıq almaq üçün 250 min ABŞ dolları dəyərində daşınmaz əmlaka sahib olmaq tələb olunurdu.

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a açıqlamasında bildirib ki, bu qərarın azərbaycanlı daşınmaz əmlak alıcıları üçün ciddi təsiri yoxdur:

“Rusiya-Ukrayna müharibəsi dövründə daşınmaz əmlak sektoru üzrə ən çox qazanan ölkə Türkiyə oldu. Müharibə başlayandan sonra Türkiyəyə təkcə Rusiyadan on minlərlə insan gəldi. Bunlar çox imkanlı şəxslər idi. Türkiyədə sırf Rusiya vətəndaşlarına minlərlə daşınmaz əmlak satıldı. Daha çox Avropada yaşayan rus iş adamları Türkiyəyə üz tutur. Belə vəziyyətdə Türkiyə daşınmaz əmlak sektorundan daha çox gəlir götürmək üçün limitləri artırdı. Bu addım əslində daşınmaz əmlak sahəsinə daha çox yatırım edilməsi üçün atıldı. Lakin sözügedən qərar Azərbaycanın daşınmaz əmlak sektoruna elə də təsir etməyəcək”.

Ekspert bunun səbəbi kimi azərbaycanlıların qardaş ölkədə vətəndaşlıqla bağlı problem yaşamadıqlarını qeyd edib:

“Hətta uzun illər Türkiyədə yaşayan azərbaycanlılar var ki, orda vətəndaş olmaq marağında deyillər. Çünki Türkiyədə bizə qarşı digər ölkə vətəndaşları kimi sərt davranış olmur. Hər ay Azərbaycan vətəndaşları Türkiyədən 100-dən çox daşınmaz əmlak alır. Bu, bizim əmlak sektoruna mənfi təsir göstərir. Amma əcnəbilər üçün 400 min manat minimal hədd təyin edilməsi azərbaycanlılar üçün o qədər də təhlükəli rəqəm deyil. Çünki azərbaycanlılar daha çox Avropa ölkələrindən daşınmaz əmlak alıb vətəndaş olmağa üstünlük verir”.

Ekspert Türkiyədən daşınmaz əmlak almaq istəyən həmvətənlərimizi bir neçə qismə bölüb:

“Türkiyədən daşınmaz əmlak alan bir qisim orda daimi yaşayanlardır. İkincisi, burdan Türkiyəyə daimi gedib-gələn insanlar var, ordan daşınmaz əmlak alır, yay vaxtı gedib orda qalır, digər vaxtlarda həmin əmlakı kirayəyə verirlər. Türkiyənin İstanbul, Ankara kimi böyük şəhərlərində daşınmaz əmlak bahadır. Amma nisbətən kənar bölgələrdə qiymətlər Bakı ilə müqayisədə çox ucuzdur. Antalya, Bodrum, Quş adası kimi yerlərdə daşınmaz əmlakın satış qiyməti Bakıdan aşağıdır. Amma kirayə qiymətləri tələbat çox olduğu üçün bahadır”.

Bakıda daşınmaz əmlakın qiyməti orta gəlirli əhali üçün əlçatan deyil. Regionlarda isə daşınmaz əmlak elə də baha deyil. Hətta elə rayonlar var ki, orda ümumiyyətlə daşınmaz əmlaka dəyər vermirlər”, – deyə E.Fərzəliyev əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Türkiyədə xarici vətəndaşlara 21 015, ötən ay isə 6 524 mənzil satılıb. Bu göstərici 1 il əvvələ nisbətən müvafiq olaraq 48,8 % və 57,9 % çoxdur. Apreldə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlar Türkiyədə ötən ay 1 152 mənzil alıb ki, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. Rusiya vətəndaşlarına yanvar-aprel aylarında 2 687 mənzil satılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ukrayna vətəndaşları 4 ay ərzində Türkiyədə 644 mənzil, təkcə aprel ayı ərzində isə 263 mənzil alıb ki, bu da bir il ərzində müvafiq olaraq 2,1 dəfə və 2,9 dəfə artım deməkdir.

Azərbaycan vətəndaşları 4 ay ərzində Türkiyədə 453 mənzil sahibi olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71 mənzil və ya 18,6 % çoxdur. Təkcə aprel ayında vətəndaşlarımızın Türkiyədə aldıqları mənzillərin sayı 156 olub ki, bu da bir il ərzində 25 mənzil və ya 19,1 % artım deməkdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir