
Bakı. Trend:
Azərbaycanın Rusiya millisi və klublarının beynəlxalq
turnirlərdə iştirakının bərpasını dəstəkləməsi ilə bağlı məlumatlar
həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, UEFA-dan hər hansı müraciət daxil olmayıb.
“UEFA İcraiyyə Komitəsi Rusiyanın Avropa turnirlərinə
qaytarılması ilə bağlı mövqeyimizi bildirməyimiz üçün bizə müraciət
etməyib. Bu kimi qərarlar quruma üzv ölkələr səviyyəsində yox, UEFA
İcraiyyə Komitəsi səviyyəsində qəbul olunur. Azərbaycan UEFA
İcraiyyə Komitəsində təmsil olunmur”, – deyə məlumatda qeyd
edilib.
Qeyd edək ki, Rusiya mətbuatında UEFA-nın Albaniyada keçirilən
iclasında Azərbaycanın Rusiya millisi və klublarının beynəlxalq
turnirlərdə iştirakının bərpa edilməsini dəstəklədiyi ilə bağlı
məlumatlar yayılıb. Bildirilib ki, Azərbaycanla yanaşı, Qazaxıstan,
Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan və
Macarıstan bu təklifə tərəfdar çıxıblar.