Cavanşir Quliyev: “Zəfər Qurultayında yeni “yol xəritəsi” əldə etdik” – FOTO

Mədəniyyət

“Dünya Azərbaycanlılarının V Qurultayı çox önəmli vaxta təsadüf etdi”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Əməkdar incəsənət xadimi, Şimali Kiprdəki Yaxın Şərq Universitetinin Səhnə sənətləri fakültəsinin professoru, bəstəkar Cavanşir Quliyev deyib.

Onun sözlərinə görə, müharibə bitdikdən və torpaqlarımız azad edildikdən sonra diasporun fəaliyyət istiqaməti dəyişməli idi:

“Hansı yönə doğru dəyişmək məsələsi isə qurultayda müzakirə olundu. Qurultay iştirakçıları yeni bir “yol xəritəsi” əldə etdilər. Vətən həsrətində olan soydaşlarımız qədim Şuşamızı gördülər, göz yaşlarını saxlaya bilmirdilər. V Qurultayın səmərəli keçdiyini düşünürəm. Diasporla İş üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Mən Komitənin gördüyü işlərin öz bəhrəsini verəcəyinə inanıram”.

Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Rafiq Əzizov Zəfər Qurultayında iştirak etdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

“Mən işğaldan əvvəl üç dəfə Şuşada olmuşam. Ancaq qurultayda gördüyüm Şuşa əvvəlki Şuşa deyildi. Doğrusu, hamımızın gözləri yaşarmışdı, amma böyük qürur hissi keçirirdik. Artıq Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Bu hissi sözlə ifadə etmək mümkün deyil. Bir azərbaycanlı kimi xaricdə yaşadığım 30 il mənim üçün çox ağır keçib. Bu 30 il ərzində hər dəfə tənələr, “bir ovuc erməninin öhdəsindən gələ bilmədiniz?” kimi sözlər eşidirdik. Qardaş ölkədə yaşasaq da, işğal faktı bizi də çox incidirdi. 44 günlük müharibə bitəndən və Azərbaycan Zəfərini elan edəndən sonra bizim də sevincimizin həddi-hüdudu olmadı. Zəfər ab-havalı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi hər birimiz üçün qürurverici idi. Bu hissləri həyatımın sonuna qədər unutmayacağam. Bu qurultayda iştirak etdiyim, o qürurlu anları yaşadığım üçün təşkilatçılara, Diasporla İş üzrə Dövlət Komitəsinə nə qədər təşəkkür etsəm, azdır. Çünki Şuşanı təkrar görmək, igid Azərbaycan əsgərlərinin azad etdiyi torpaqları görmək mənə nəsib oldu. Şübhəsiz ki, rəssam kimi gələcək əsərlərimin çoxu Şuşa və Qarabağ mövzusunda olacaq”.

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə isə qeyd edib ki, V Qurultayın Şuşada keçirilməsi, Azərbaycan diasporunun Şuşada bir araya gəlməsi xüsusi önəm kəsb edirdi:

“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin öndərliyində 44 günlük müharibədə qazanılmış Zəfərin ardınca Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi həm bizim kimi gənclər, həm də dünyada yaşayan sənətçilər üçün böyük fürsət idi. Sanki dünyanın dörd bir yanına səpələnmiş qohum-əqrəbalarımızı gördük, dünyanın müxtəlif ölkələrindən olan diaspor  nümayəndələri arasında körpülər quruldu. Çox şükür ki, Şuşanı gördük, Şuşadan gözəl xatirələrlə qayıtdıq. Qurultayın hər saniyəsi, hər anı qiymətli idi. Qurultayın təşkil olunmasında xidməti olan hər kəsə, xüsusən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, gələcəkdə də Dövlət Komitəsi ilə birlikdə gözəl layihələr həyata keçirəcəyik. Çox istərdim ki, Şuşada atam İslam və qardaşım Abuzər Manafzadələrlə birlikdə konsertimiz keçirilsin”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir