
Bakı. Trend:
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi
Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.
Trend xəbər verir ki, 10
komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış
trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis
Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və
digərləri yarışacaqlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının
20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin
ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında
2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc
yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən
dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o
cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi
istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar
Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları
UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş
İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin
sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni
görəcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.
Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn
qurulub.
Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və
sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə
sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək.
Nəhayət, sonuncu gün – ayın 21-də əsas yarış baş tutacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu
avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk
Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda
almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq
olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük
Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika),
Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün
rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.
Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası
səbəbindən keçirilməyib.