Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” sərgisi açılacaq

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində Tacikistan
Milli Muzeyi ilə birgə təşkil olunan “Tacik tikmə dünyası” adlı
sərgi açılacaq.

Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını,
dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif
tikmələr nümayiş olunacaq. Tacikistanın Xücənd, İstərövşən, Kulab,
Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən
olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan
tamaşaçılarına ilk dəfə təqdim ediləcək.

Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56
unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq
üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə
nümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarının
zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan
süzənilər də xüsusi yer tutacaq.

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi
ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir.
Onların üzərindəki hər bir naxışın, nar çiçəyi, lalə, söyüd
yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi
təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın
“Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına
salınıb.




Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli
Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə
keçirilən sərgi iki ölkə arasında mədəni əməkdaşlıq və dialoqun
inkişafına önəmli töhfədir. Bu layihə 20 may 2025-ci il tarixində
Düşənbədə keçirilmiş “Azərbaycanın milli irsi incəsənət incilərində
yaşayır” sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə
ənənələrinin daha da möhkəmləndiyini göstərir.

Sizi hər ilmədə tarix, ustalıq və yaradıcı ruhu yaşadan tacik
xalqının zəngin irsi ilə tanış olmağa dəvət edirik.

Sərgi oktyabrın 25-dək davam edəcək.