Tarix qoxan muzeylərimiz: Azərbaycandan Afrikaya qədər uzanan mədəniyyət – FOTOREPORTAJ

Mədəniyyət

Bu gün 18 May – Beynəlxalq Muzeylər Günüdür. Paytaxtda fəaliyyət göstərən 20-yə yaxın muzeydə bu münasibətlə açıq qapı günü keçirilir.

Oxu.Az xəbər verir ki, “Muzeylərin gücü” devizi altında keçirilən açıq qapı günündə giriş ödənişsiz olub.

Muzeylərə axın edənlərin əksəriyyəti məktəblilər və tələbələr olsa da, yaşlı nəslin nümayəndələri, eləcə də ölkəmizdə olan turistlər də gözə dəyirdi.

İlk olaraq Milli Azərbaycan Tarixi Muzeyinə üz tutduq.

Adı ilə həmahəng, tarix qoxan bu muzey müasir cəmiyyətin siyasi, sosial və mədəni həyatında fəal iştirakı ilə öz rolunu əhəmiyyətli dərəcədə yüksəldir. Muzeydə məktəblilərin suallarına cavab verən bələdçilər görünən tarixi daha əlçatan və cəlbedici edirdilər.

Sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evində yerləşən Tarix Muzeyinin 101 otağının olduğu deyilir. Onun 28 otağı isə “muzey içində muzey” olan Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi üçün ayrılıb. 

Burada H.Z.Tağıyevin qonaq otağı, həyat yoldaşı Sona xanımın istirahət otağı, yataq otağı, yemək otağı var. Otaqların bir qismi restavrasiya edilib, bir qismindəki şahmat taxtası, pərdələr, mebel və qab-qacaq isə orijinaldır.

Muzeydə hər kəsin sual verdiyi məkan isə binanın hamam otağının harada olmasıdır. Bununla bağlı isə bələdçilərdən dolğun cavab səsləndirilmədi.

Muzeyə digər vaxtlarda giriş beş manat, turistlər üçün isə 10 manat nəzərdə tutulub.

Bundan başqa, Bayraq Meydanı yaxınlığında yerləşən Xalça Muzeyi də qapılarını ictimaiyyətin üzünə açıb.

Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılıb. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.

Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimov olub.

2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.

Hazırda ölkənin müasir memarlıq üslublu tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində təqribən 60 minə yaxın eksponat sərgilənir. Muzeydə Azərbaycan mədəniyyətinə öz töhfəsini vermiş sənət adamları barədə məlumatlar, onların kətan üzərində işlənmiş portretləri və musiqi alətləri sərgilənir. 

Eyni zamanda Afrika, Tanzaniya, Ukrayna, Qazaxıstan, Əlcəzair,  Dağıstan, İtaliya, Hindistan, Çin, Qətər, Almaniya, İngiltərə və digər ölkələrin musiqi alətləri də sərgilənir.

Muzeyə ən son gətirilən eksponatlar arasında Tofiq Bakıxanova aid kitablar və digər nümunələr var. 

Ötən gün isə muzeydə Şuşa musiqiçilərinə həsr olunmuş iki sərgi guşəsi açılıb. 

Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Tarixin müxtəlif dövrlərinə aid eksponatların nümayiş edildiyi bu muzey Muzey Mərkəzində yerləşir. Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb.

İlkin olaraq cəmi 7000 eksponatla açılan muzeydə bu gün onların sayı tədqiqatçıların araşdırması ilə əldə edilən, tarixi şəxsiyyətlərin ailə yaxınları tərəfindən muzeyə bağışlanan, kolleksionerlərdən alınan müxtəlif eksponatlarla birlikdə 22 mindən çoxdur. 

Muzeyin ekspozisiyası altı zalda nümayiş etdirilir.

Normal günlərdə muzeyə giriş iki manatdır, tələbə və məktəblilər üçün bir manat nəzərdə tutulub. Turistlər üçün isə giriş beş manatdır.

Bundan başqa, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (Filial: Niyazinin Xatirə Muzeyi, Filial: Vaqif Mustafazadənin Xatirə Muzeyi, Filial: Xalq çalğı alətləri şöbəsi, Filial: Qara Qarayevin Ev-Muzeyi), Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi, Əzim Əzimzadənin Mənzil-Muzeyi, Nəriman Nərimanovun Xatirə Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Rostropoviçlərin Ev-Muzeyi, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Yusuf Məmmədəliyevin Memorial Muzeyində də açıq qapı günü keçirilib.

Könül Cəfərli
FOTO: Sabir Məmmədov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir