
Bakı.Trend:
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyi tərəfindən 4452 nəfər Vətən müharibəsi
qazisinə əlillik təyin edilib, o cümlədən 500-ə yaxın qazimiz 612
son nəsil yüksək texnologiyalı protezlə təmin edilib.
Trend xəbər
verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki,Vətən müharibəsindən sonra Agentliyin
reabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habelə
onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və
sosial-psixoloji xidmətlərlə təmin edilib.
Peşəkar həkim komandasının səyləri, müasir və effektiv
reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi
artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə
qoyublar.
Agentlik tərəfindən qazilərin sağlamlığının bərpası, onların
cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsi
olaraq cari ilin 8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisi
tam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli
reabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosial
reabilitasiya imkanlarının artırılması Agentliyin əsas hədəflərdən
biridir.