Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Baş səhifə

Bakı. Trend:

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci
ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis
olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda
mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın
əbədiləşdirilməsidir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.

S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident
İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə
yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin
ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının
düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan
Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.

“Bu tarixi hadisə həm də Azərbaycan xalqının qanı və canı
bahasına əldə etdiyi böyük zəfərin ən parlaq nümayişidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri 30 il ərzində
Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin silahlı
qüvvələrinin işğalı altında olmuş, bu ərazilərdə yaşayan minlərlə
azərbaycanlı vətənpərvər ağır sınaqlardan keçmişdir. Xocalı
soyqırımı kimi faciəvi hadisələr vətəndaşlarımızın yaddaşına dərin
həkk olunub. Lakin Azərbaycan xalqı uzunmüddətli mübarizənin
sonunda Vətən müharibəsində qətiyyətli addımlarla öz torpaqlarını
geri qaytararaq dünyaya böyük mesaj verdi: haqq-ədalət qalib
gələcək.”

S.Mikayılova əlavə edib ki, 2023-cü il oktyabrın 15-də
Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə bu
torpaqların əsil sahibi olduğunu nümayiş etdirdi.




“Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri də
Azərbaycanın gələcəyə olan inamını göstərir. Qarabağ
Universitetinin yaradılması, Ağdərə rayonunun təşkili və yeni
infrastruktur layihələri regionun iqtisadi və mədəni həyatını
yenidən canlandırır. Bu, təkcə şəhərlərin deyil, həm də bu
torpaqlarda yaşayan insanların həyatlarının yenidən qurulması
deməkdir.”

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci xanım
Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr,
məktəblərin, xəstəxanaların, idman və mədəniyyət obyektlərinin
açılışları regionun inkişafını sürətləndirir, gənclərin və gələcək
nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradır.

“20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü eyni
zamanda milli birlik günüdür. Bu gün biz yalnız tariximizi deyil,
həm də gələcəyimizi anırıq. Azərbaycan xalqı bir daha sübut edir
ki, vətən sevgisi, milli birlik və həmrəylik hər bir çətinliyin
öhdəsindən gəlməyin açarıdır. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin azad olunan bölgələrə etdiyi səfərlər, burada keçirilən
tədbirlər, infrastrukturun bərpası və yeni sosial obyektlərin
istifadəyə verilməsi Azərbaycan dövlətinin gücünü və xalqın
iradəsini nümayiş etdirir.”

S.Mikayılova vurğulayıb ki, 20 Sentyabr – Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın tarixində
qalibiyyətin, milli qürurun və gələcəyə inamın simvoludur.

“Bu gün həm də hər bir Azərbaycan vətəndaşının haqq və ədalət
uğrunda mübarizənin, milli həmrəyliyin və vətən sevgisinin ən
yüksək zirvəsidir. Tariximizi unutmamalı, bu əziz torpaqlarda
yaşanan qəhrəmanlıqları gələcək nəsillərə yaşatmalı, Azərbaycanın
ərazi bütövlüyünü və müstəqilliyini daim qorumaq üçün birlikdə
çalışmalıyıq. Çünki Azərbaycanın gələcəyi bu günkü zəfərlərin və
uğurların davamıdır.”