
Bakı. Trend:
1994-cü il sentyabrın 20-də Bakı şəhərində imzalanmış və “Əsrin
Müqaviləsi” adını almış müqavilə Azərbaycan Respublikasının neft
sektorunda xarici investisiyaların cəlb olunması baxımından ilk və
ən mühüm addım oldu.
Bu müqavilə Azərbaycanın Xəzər dənizində yerləşən
“Azəri-Çıraq-Günəşli” birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə
beynəlxalq konsorsiumla bağlanmış ilk böyük sazişdir.
Müqavilədə əsas iştirakçıları “Əsrin müqaviləsi”ndə dünyanın 8
ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti
(SOCAR, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon,
Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak
etmişdir. Bu müqavilədə Böyük Britaniyanın “British Petroleum”
(qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi),
ABŞ-nin “Amoco” (17,01 faiz), “UNOCAL” (11,2 faiz), “Pennzoil”
(9,81 faiz), “McDermott” (2,45 faiz), Rusiyanın “Lukoil” (10,0
faiz), Norveçin “Statoil” (8,56 faiz), Türkiyənin “Türkiyə
Petrolları” .şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin
isə 20 faiz payı var idi. Bununla da “Yeni neft strategiyası” və
doktrinası uğurla həyata keçirilməyə başlandı. İlk dəfə hesablanmış
çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar
qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon
tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb
olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edildi.
Müqavilə 30 illik müddət üçün nəzərdə tutulmuşdu. 2017-ci ildə
isə müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı. Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinlikdə
yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü
haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin
imzalanması mərasimi keçirildi. Sazişin parametrlərinə əsasən
ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində
bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın
icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə
qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75
faiz təşkil edəcək. Qeyd olunub ki, 23 il ərzində
“Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. İlkin
hesablamalara görə, yataqda hasil edilməmiş təxminən 500 milyon ton
neft ehtiyatı var.
“Əsrin Müqaviləsi” nəticəsində Azərbaycan iqtisadiyyatına
milyardlarla dollar xarici sərmayə daxil oldu.
Bu, postsovet məkanında nümunəvi hal idi və Azərbaycanın sərmayə
üçün sabit və etibarlı ölkə imicini formalaşdırdı. 2000-ci illərin
əvvəllərindən başlayaraq müqavilə üzrə hasil olunan neftdən əldə
olunan gəlirlər Azərbaycanın dövlət büdcəsini əhəmiyyətli dərəcədə
gücləndirdi. Bu vəsaitlər infrastruktur, sosial proqramlar, hərbi
modernizasiya və s. sahələrə yönəldildi.
1999-cu ildə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu
(ARDNF) neft gəlirlərinin şəffaf və səmərəli idarə olunmasına
xidmət etdi. Bu fond vasitəsilə neft pulları gələcək nəsillər üçün
qorundu və iqtisadi sabitliyin təminatına çevrildi. Müqavilə
Azərbaycanı Qərb dünyası ilə enerji sahəsində sıx əlaqələndirdi.
ABŞ və Avropa İttifaqı Azərbaycanın enerji müttəfiqinə çevrildi və
ölkənin beynəlxalq mövqeyi gücləndi. “Əsrin Müqaviləsi”
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikilməsinə zəmin yaratdı.
Bu, Xəzər neftinin dünya bazarına çıxarılmasına imkan verdi. BTC
kəməri Azərbaycanın enerji müstəqilliyini təmin etməklə yanaşı,
regionun geosiyasi xəritəsini dəyişdi.
Azərbaycan bu müqavilə və ardınca atılan addımlar sayəsində Cənubi
Qafqazın enerji liderinə çevrildi. Bu, regionda digər dövlətlərə
nüfuz imkanlarını artırdı və regional təşəbbüslərdə söz sahibi
olmağa imkan verdi.
Müqavilə imzalanan dövrdə Azərbaycan iqtisadi baxımdan
qeyri-sabitlik yaşayırdı. Məhz bu müqavilə xarici dövlətlərin və
şirkətlərin Azərbaycanda sabitlikdə maraqlı olmalarını təmin etdi.
Azərbaycanın müstəqil dövlət kimi enerji siyasətini yürütmək
iqtidarında olduğunu göstərdi. Müqavilə nəticəsində ölkədə minlərlə
yeni iş yeri yaradıldı. Azərbaycanlı mütəxəssislərin xarici təcrübə
qazanması, texnoloji biliklərə yiyələnməsi üçün imkanlar
açıldı.Neft Fondunun vəsaiti hesabına minlərlə tələbə xaricdə
təhsil aldı. Sosial infrastruktura sərmayələr yatırıldı, yollar,
məktəblər, xəstəxanalar tikildi.
Bugünkü mərhələdə Azərbaycan neftdən sonrakı dövr üçün iqtisadi
modeli yenidən formalaşdırmaqla məşğuldur. “Əsrin Müqaviləsi” bu
transformasiya üçün əsas kapital və təcrübə bazasını yaratdı.
“Əsrin Müqaviləsi” Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi
oldu. O, təkcə neft müqaviləsi deyildi – bu, siyasi sabitliyin,
iqtisadi dirçəlişin, beynəlxalq nüfuzun və geosiyasi balansın əsas
dayaqlarından birinə çevrildi. Müqavilə Azərbaycanın neft
strategiyasının yalnız başlanğıcı olmaqla yanaşı, gələcək inkişaf
istiqamətlərinə yol açan bir platforma kimi tarixə düşdü.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2006-cı
ildən bəri 605 milyon ton xam neft dünya bazarına çıxarılıb.
Ümumilikdə isə, 2025-ci ilin birinci yarısında BTC boru xətti üzrə
əməliyyat xərclərinə təxminən 60 milyon ABŞ dolları, əsaslı
xərclərə isə 30 milyon ABŞ dolları sərf olunub. Uzunluğu 1 768 km
olan BTC boru kəməri ilə 2006-cı ilin iyununda istismara verildiyi
vaxtdan 2025-ci ilin iyun ayının sonunadək ümumilikdə təqribən 4,6
milyard barel xam neft nəql edilib.
Eyni zamanda bu ilin ilk 6 ayında BTC ilə təqribən 13 milyon ton
(106 milyon barel) xam neft və kondensat ixrac olunub.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismara
başlanıldığı gündən 2025-ci il sentyabrın 1-dək 612,2 milyon ton
xam neft və 238,7 milyard kubmetr səmt qazı hasil edilib. Hazırda
SOCAR AÇG müqaviləsində ən böyük paya (31,65%) sahibdir.