Xəzərin dərinliyinə aparan yol – Neft platformalarının yaradılmasında insan faktoru – FOTOREPORTAJ

Baş səhifə

Bakı. Trend:

Səhər günəşi Xəzərin sularına qarışanda Bakı Dərin Özüllər
Zavodunun nəhəng qapıları açılır. Burada hər gün dənizin qucağında
yüksələcək nəhəng platformaların ilk addımları atılır. Sanki
zavodun hər daşında Azərbaycan neft tarixinin izləri var.

Nəhənglərin doğulduğu məkan

Təməli Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
1978-ci ildə qoyulan və 1984-cü ildən fəaliyyət göstərən zavod
Xəzərin ən mürəkkəb şərtlərinə tab gətirəcək dərin dəniz
platformalarının yığıldığı unikal müəssisədir. 2012-ci ildən “BOS
Şelf” MMC şirkəti tərəfindən idarə olunan Heydər Əliyev adına Bakı
Dərin Özüllər Zavodu (BDÖZ) Xəzər dənizində ən böyük tikinti
müəssisələrindən biridir. Təsisata geniş sexlər (bükmə, istehsal
öncəsi, istehsal, quraşdırma, rəngləmə) yanalma körpüləri (ağır
yüklərin qaldırılması və barjaya yükləmə də daxil olmaqla),
anbarlar, maddi-texniki təminat bazaları və bunları dəstəkləmək
üçün lazım olan avadanlıqlar, eyni zamanda 1350 tona qədər ağır yük
qaldırma qabiliyyətli tırtıllı kranlar daxildir.


Dünyada belə zavodların sayı barmaqla sayılacaq qədərdir. Burada
minlərlə tonluq metal konstruksiyalar sanki usta əllərin, mühəndis
zəkasının birgə əsərinə çevrilir. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz
2”, “Abşeron” kimi nəhəng layihələr üçün dayaq blokları məhz bu
zavodda inşa olunub. İndi də yeni texnologiyalarla daha dərin
sularda işləyə biləcək qurğular hazırlanır.

Bu nəhəng qurğuların doğulduğu sexlərə addım atmaq üçün bizə
əvvəlcə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin
Mühafizəsi) təlimi keçirilir. Təlimçi Ülvi bəy ərazi ilə bağlı
bütün təhlükəsizlik tədbirləri barədə məlumat verdikdən sonra bizə
xüsusi formalar təqdim olunur. Artıq dəmirin, metalın və kranların
gurultusu ilə dolu bu məkana daxil olmağa hazırıq. Bura sadəcə bir
zavod deyil, Xəzərin dərinliklərinə gedən macəranın başladığı
yerdir.

Mühəndisin gözü ilə

Zavodun içində səs-küy, qaynaq işlərinin qığılcımları, kranların
gurultusu içində tanış olduğumuz CNC (Kompüterlə Rəqəmsal
İdarəetmə) mühəndisi Rüfət Abdullayev bizi qarşıladı. O, artıq 24
ildir ki, burada çalışır. “Bizim işimiz təkcə metalı birləşdirmək
deyil, dənizin dərinliklərində yüzlərlə insanın, milyardlarla
investisiyanın taleyini daşıyacaq möhkəm qurğu yaratmaqdır”, –
deyir Rüfət müəllim.

Onun iş günü kompüter ekranı arxasında hesablardan, istehsalat
planı və günün tapşırıqlarını nəzərdən keçirməkdən başlayır, sonra
nəhəng emalatxanalarda usta briqadaları ilə davam edir.

Rüfət müəllim izah edir ki, platforma layihələndirilərkən
dənizin dərinliyi, dalğaların hündürlüyü, küləyin sürəti, hətta
suyun kimyəvi tərkibi belə nəzərə alınır. “Kiçik bir səhv on
illərlə zəhməti suya atmaq deməkdir”, – deyə o əlavə edir.

CNC mühəndisin
gündəliyi

Səhər – layihə üzrə mexaniki stress və dayanıqlıq hesablamaları;
istehsalat planı və günün tapşırıqlarını nəzərdən keçirmək;
işçilərin vəziyyəti, problemləri haqqında işçilər və briqadalarla
söhbət etmək; sexlər üzrə baş menecerlə layihə mühəndislərinin
göndərdiyi yeni texniki cizgiləri araşdırmaq, işlərin hansı
ardıcıllıqla icra edilməsi haqqında tapşırıq almaq və prosesə
başlamaq;

Günorta – zavodun istehsalat sahəsində istehsalat işlərinə
nəzarət;

Axşamüstü – gündəlik görülmüş işlərin sexlər üzrə baş menecerə
məruzəsi və növbəti gün üçün gələn tələb ardıcıllığının təyin
olunması.

Mühəndis gülümsəyərək deyir: “Düşün ki, uşaq vaxtı oyuncaq
konstruktordan ev tikirdin, indi isə dənizin ortasında
quraşdırılacaq min tonluq nəhəng qurğuları inşa edirsən. Fərq
yalnız miqyasdır”.

“Deməli, mühəndislik sizin üçün yalnız texnologiya deyil, həm də
uşaqlıqdan gələn oyun ruhunun davamıdır”, – deyə əlavə edirəm.

Artıq saat 12-yə yaxınlaşır. Bu
isə o deməkdir ki, nahar zamanıdır. Mühəndislə söhbətləşərək
zavodun daxilində fəaliyyət göstərən yeməkxanaya yola düşürük.
Burada fərqli çeşiddə yeməklər təklif olunur. Zavodun iş rejimi
ağır olsa da, əməkdaşların rahatlığı üçün hər şey düşünülüb. Nahar
fasiləsi həm də mühəndislərin və ustaların bir araya gəlib günün
işlərini müzakirə etdiyi qeyri-rəsmi toplantı kimidir. Ləziz
təamlardan dada-dada söhbətimizi davam etdiririk.

Rüfət müəllim deyir ki, iş
saatları çox vaxt uzun çəkir, amma buradakı kollektiv ruhu
yorğunluğu hiss etdirmir: “Biz bəzən ailəmizdən çox, buradakı
həmkarlarımızla vaxt keçiririk. Ona görə də bu zavod bizim üçün
sadəcə iş yeri deyil, həyatımızın bir parçasıdır”.

“Elə nahar fasiləsi də bu böyük işin ayrılmaz hissəsidir. Əgər
enerji toplamasanız, o nəhəng qurğuların inşası da mümkün olmaz.
Görünür, buradakı yeməkxana təkcə qarını doyurmur, həm də bu böyük
kollektivin ruhunu bir arada saxlayır”, – deyə qeyd edirəm.
Yeməkxanadan çıxdıqdan sonra
zavodun geniş sahələrini dolaşırıq. Böyük kranların qaldırdığı
tonlarla metal, usta əllərində formalaşaraq nəhəng platformalara
çevrilir. Hər addımda sanki gələcək nəsillər üçün qurulan enerji
körpüsünü görürsən. Beləliklə, günün ikinci hissəsinə keçid alırıq.
Bu mərhələdə zavodun sexlərində səs-küy bir az da artır. Dəmirin
bir-birinə çırpılma səsləri, qaynaq qığılcımları, iri kranların
hərəkəti – hamısı bir yerdə zavodun ritmini yaradır.

– Rüfət müəllim, 24 illik
fəaliyyətiniz dönəmində zavodda görülən işləri necə
dəyərləndirərdiniz?




– Biz “BOS Şelf” şirkəti olaraq 2001-ci ildən bəri beynəlxalq və
yerli sifarişçilər üçün dayaq blokları, əlavə olaraq üst tikililər,
sualtı infrastruktur, paya dəstləri və dayaq tavaları inşa etmişik.
Bundan başqa, dəniz əməliyyatlarına dəstək olaraq buruq
platformalarının və daşınma barjasının, təchizat bazalarının
fəaliyyətinin təkmilləşdirilməsi layihələrini müvəffəqiyyətlə
həyata keçirmişik.

– Bəs, hazırda usta briqadaları hansı işi yerinə yetirirlər?

– Hal-hazırda onlar dəmir kəsir, metal boruları hazırlamaq üçün
qaynaq və digər zəruri işləri görürlər. Hər bir briqada öz
sahəsində dəqiqlik və sürət üzərində çalışır ki, nəticədə dənizin
dərinliklərinə göndəriləcək platformalar tam etibarlı olsun.

Rüfət müəllim CNC mühəndisi
olaraq sexləri gəzərkən hər kəslə söhbətləşir, hal-əhval tutur.
İşçilərə günün tapşırıqlarını izah edir, görülən işlərin
ölçülərinə, dəqiqliyinə nəzarət edir. O, bəzən qaynaqçının əlindəki
tikişi diqqətlə izləyir, bəzən də kran operatoruna yaxınlaşıb hansı
bucaqda yükü qaldırmağın daha təhlükəsiz olduğunu izah edir. Onun
üçün bu zavod sadəcə iş yeri deyil, hər detalı, hər metal parçası
gələcəkdə dənizin dərinliklərində dayanacaq möhkəm platformanın bir
hissəsidir.

O izah edir ki, CNC mühəndisin
günü həm kompüter, həm də sexdə istehsalata nəzarət arasında keçir.
“Hər bir addımında diqqət və məsuliyyət tələb olunur, çünki hər
ölçü, hər qaynaq nöqtəsi gələcəkdə min tonluq platformaların
dənizin dərinliklərində etibarlı olmasını təmin edir”, – deyə
vurğulayır.

Rüfət müəllim bizimlə söhbətləşərək həm də sexlər üzrə gündəlik
görülmüş işlərin baş menecerə hesabatını, eləcə də gecə növbəsi və
ertəsi gün üçün iş proqramları və planını tərtib edir.


Otaqda divardan asılmış şəkillər diqqətimi cəlb edir. Rəngarəng
diplomlar, fəxri fərmanlar və sertifikatlar sanki zavodun, xüsusən
də Rüfət müəllimin uğur tarixçəsini danışır.

– Rüfət müəllim, bu fəxri fərmanlar barədə bir az danışa
bilərsiniz?

– O gülümsəyərək izah edir ki, hər bir fərman və sertifikat
illərlə davam edən zəhmətin, layihələrdə göstərilən fədakarlığın və
kollektivin uğurunun bir nişanəsidir. Hər bir işçi, hər bir
mühəndis üçün bu diplomlar motivasiya mənbəyidir və zavodun
tarixinə dair canlı xatirələr rolunu oynayır.

Ona bundan sonrakı fəaliyyətində də bol uğur, enerji və yeni
nailiyyətlər arzulayıram.


Çayımızı içdikdən sonra yenidən istehsalat prosesini yaxından
izləməyə davam edirik. Sexlərdə işçilər öz tapşırıqlarını yerinə
yetirir, bəziləri Rüfət müəllimlə söhbət edir, iş mühiti həm ciddi,
həm də mehriban bir atmosferdə davam edir.

Beləliklə, Rüfət müəllimin iş günü yekunlaşmağa doğru gedir. O,
son dəfə sexləri dolaşır, görülən işləri yoxlayır və növbəti gün
üçün tapşırıqları müəyyənləşdirir. Zavodun böyük səsi, qaynaq
işlərinin qığılcımları və metalın çırpılma səsləri bir az da sükuta
qərq olur.

Beləliklə, Bakı Dərin Özüllər Zavodu ilə tanışlığımız başa
çatır. Burada hər bir detala diqqət göstərən mühəndislər və ustalar
Xəzərin dərinliklərinə gedən nəhəng qurğuların inşasında öz
töhfəsini verir, texnologiya ilə insanın əmək və yaradıcılıq ruhunu
birləşdirir.