
Bakı. Trend:
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Aya
nüvə reaktorunun çatdırılması və quraşdırılması üçün 15 ton faydalı
yük daşıya bilən eniş aparatına ehtiyac duyur.
Trend-in
məlumatına görə, bu barədə The Wall Street Journal xəbər yayıb.
Məlumata əsasən, bu tələbat hazırda Amerika aerokosmik
şirkətlərinin texniki imkanlarını üstələyir. Məsələn, Texasda
yerləşən Firefly Aerospace 2025-ci ilin əvvəlində Aya yalnız 155
kiloqramadək yük daşıya bilən eniş aparatı göndərə biləcək.
Reaktorun çatdırılması üçün həmçinin güclü daşıyıcı raket tələb
olunur. Potensial icraçılar sırasında İlon Maskın SpaceX, Ceff
Bezosun Blue Origin və United Launch Alliance şirkətlərinin adı
çəkilir.
The Wall Street Journal yazır ki, ABŞ 2029-cu ilin sonunadək
Ayda nüvə reaktoru quraşdıraraq bu sahədə Rusiya və Çindən irəlidə
olmağı hədəfləyir. Bu isə NASA qarşısında çox sıx zaman
çərçivəsində olduqca mürəkkəb bir vəzifə qoyur.