
Bakı. Trend:
Orta dəhliz sürətlə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz
vasitəsilə Şərqi Asiya ilə Avropanı birləşdirən son dərəcə vacib
multimodal ticarət arteriyasına çevrilməkdədir.
Trend xəbər verir
ki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoru
Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda çıxışında danışıb.
“Orta dəhliz ənənəvi marşrutlara siyasi neytral və dayanıqlı
alternativ təklif edir”, – deyə o bildirib.
Roland Praysın sözlərinə görə, Orta dəhliz Mərkəzi Asiya və
Cənubi Qafqaz iqtisadiyyatları üçün son dərəcə zəruridir:
“Mərkəzi Asiya üçün o dünya bazarlarına həyati əhəmiyyətli
çıxışı təmin edir ki, bu region üçün son dərəcə önəmlidir, hərçənd
o hal-hazırda dünya ticarətində kiçik paya sahibdir.”
Dünya Bankının nümayəndəsi əlavə edib ki, strateji coğrafi
mövqelərini nəzərə almaqla, Türkiyə və Cənubi Qafqaz ölkələri üçün
bu dəhliz böyük əhəmiyyət kəsb edir.
“Ekspertlərin qeyd etdiyinə görə, proqnozlara əsasən,
2023–2040-cı illər ərzində ölkələrin Orta dəhliz üzrə ticarəti pul
ifadəsində 150%, həcmi baxımından isə 60% artacaq. Orta dəhliz üzrə
yükdaşımaların həcmi 2040-cı ilə qədər üç dəfə arta bilər, lakin
dəmir yolu və liman infrastrukturundakı dar boğazlar diqqət tələb
edən ciddi problemə çevrilir”, -deyə R. Prays bildirib.