
Bakı. Trend:
2025-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın
ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək
səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı
münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen
fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının
birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu
keçirilmişdir.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti
oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş
etdirilmişdir.
Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən
forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan
məmnun olduğunu bildirmiş, dünyanın müxtəlif bölgələrindən olan
ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında
birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə
müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin
müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması,
qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə
səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini
vurğulamış, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə
görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmişdir.
Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər
sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin,
texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında
xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi
təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı
kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik
qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət
göstərməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının
nümayəndələrinin çıxışları ilə davam etmiş, budəfəki Bakı
Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin
təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət
orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı
fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm
töhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.
Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı
Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi
ilə başa çatmışdır.
youtube.com/watch?v=MO2DmEkcrzc&embeds_referring_euri=https%3A%2F%2Fdtx.gov.az%2F&source_ve_path=OTY3MTQ