
Bakı. Trend:
Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun
qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.
Trend xəbər verir
ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və
Arzu Əliyeva sərgidə iştirak ediblər.
Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin
nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və
mədəniyyətlərarası dialoqun təşviqidir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir
təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin
incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da
Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının
öyrənilməsinin zəruriliyini sübut edir.
Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə “Sıfır
Tullantı” prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə
Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.
Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş
“Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı”
adlı üç əsas mövzunu əhatə edib.