Prezident İlham Əliyev: Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Orta Dəhliz üzərində yerləşən nəqliyyat
infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna,
dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar
yatırıb.

Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin
təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,
maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes
Forumuna müraciətində deyilir.

Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta
Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat
infrastrukturdur. “Orta Dəhlizin Azərbaycan seqmentində
infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması,
modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi
prosesi hazırda da davam etməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə
yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid
müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara
əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin
2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid
müddətinin isə 2 dəfə azalacağı gözlənilir”,- deyə dövlət başçısı
vurğulayıb.