Bolqarıstan Baş naziri: Yunanıstan-Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı

Baş səhifə

Yunanıstan-Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı.

APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

“Bu gün sizi Bolqarıstanın Cənub-Şərqi Avropanın gələcəyini necə formalaşdırdığına dair üç əsas sahəyə – diplomatiya və sabitlik, infrastruktur və iqtisadi əlaqələr – baxmağa dəvət edirəm. Geosiyasi liderlik yalnız sülhün təmin olunması deyil, bu, əməkdaşlıq, etimad və ortaq tərəfdaşlıq deməkdir. Bolqarıstan bu fəlsəfəni xarici siyasətinin mərkəzinə çevirib və Cənub-Şərqi Avropa əməkdaşlıq prosesinin təşəbbüskarı olaraq, dialoqu təşviq edən platforma yaratmaqdan qürur duyur.

Bolqarıstan Qərbi Balkanların Avropaya inteqrasiyasına sadiqlik göstərir. Sülhə gedən yol institutlar, islahatlar və ortaq dəyərlərlə döşənir. Bolqarıstan qonşularının Avropaya qoşulmasını həm də regional birlik üçün bir zərurət kimi müdafiə edir. Bu prosesin uğurlu olması üçün ölkələr davamlı və dönməz islahatlar həyata keçirməlidir.

Bolqarıstanda siyasət tək başına kifayət deyil, iqtisadi firavanlıqla uyğunlaşdırılmalıdır. Ölkəmiz geosiyasi mövqeyindən istifadə edərək Cənub-Şərqi Avropada logistika və iqtisadi mərkəz olmaq məqsədini qarşıya qoyub. Tərəfdaşlarımız və qonşularımızla birlikdə yol və dəmir yolu infrastrukturu, enerji və rəqəmsal əlaqələri genişləndiririk və tamamlayırıq”, – deyə Baş nazir qeyd edib.

Rosen Jelyazkov onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi kontekstində region yeni çağırışlarla üzləşir: “İnfrastruktur layihələri yalnız regional çiçəklənməyə töhfə vermir, həm də NATO-nun cənub cinahı boyunca əsas logistik dəhlizi təmin edir. Türkiyə, Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirən şaquli oxun inşası ölkəmiz üçün prioritetdir və biz bu istiqamətdə inkişaf layihələrini sürətləndirmək üçün birgə çalışırıq.

Bolqarıstan enerji sektorunda şaxələndirmə və davamlılıqda liderdir. Yunanıstan-Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı və regional enerji təhlükəsizliyini gücləndirdi. Şaquli qaz dəhlizi Cənub-Şərqi Avropanın demək olar ki, bütün ölkələrinə təbii qaz tədarükünü şaxələndirir. Qara dəniz ölkəsi kimi Bolqarıstan dənizçilik, ticarət və ətraf mühitin qorunmasında strateji rol oynayır”.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 25 mart 2022-ci ildə Trans Adriatik Boru Xəttinə qoşulub, tikinti 2022-ci ilin iyulunda başa çatıb. 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılıb. 1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilmişdir.