Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam
edən 3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalında bədii
proqram və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatı
olub.

Trend xəbər verir
ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin
inkişafında xüsusi rol oynadığını bildirib. O vurğulayıb ki, şairin
yaradıcılığı həm dilimizin zənginləşməsinə, həm də xalqımızın
mənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq
artisti Yusif Eyvazov Nəsimi festivalının Şamaxının mədəni
həyatında xüsusi əhəmiyyətə malik olduğunu deyib. O qeyd edib ki,
festival Nəsimi irsinin qorunub saxlanılması və şairin
yaradıcılığının müxtəlif incəsənət növlərində təqdim edilməsində
mühüm rol oynayır.

Balet artisti, teatr rejissoru və prodüseri Andris Liepa
bildirib ki, “Nəsimi dastanı” baleti Nəsiminin yaradıcılığının
mənəvi və estetik dəyərlərini tamaşaçılara çatdırmaq məqsədilə
xüsusi hazırlanıb. O vurğulayıb ki, baletin yeni quruluşunda
xoreoqrafiya və musiqi həlli şairin ideyalarını müasir incəsənət
dili ilə ifadə etməyə imkan yaradır.
Daha sonra səhnədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı “Sufi” rəqsini təqdim edib. Əməkdar artist Sevda
Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyib. Tanınmış müğənni Çingiz
Mustafayev isə “Qafil, oyan” ifasını səsləndirib.




Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm
qrupu, tanınmış müğənni AISEL, Əməkdar artist Elnur Mikayılov
(kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında
isə “Dönməzəm” dinlənilib.

Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də
“Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi olub.
Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış
balet artisti, teatr rejissoru və prodüseri Andris Liepanın
rejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet
truppasının ifasında nümayiş olunub. Baletin quruluşçu xoreoqrafı
müxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik De
Banadır.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimi
dastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır.
Balet ilk dəfə 1973-cü il sentyabr 23-də nümayiş olunub. Bu əsər
tamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədər
sonra, 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi –
şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və
mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417)
yaradıcılığına həsr edilərək şeir və incəsənətin yaşadılması
məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı
nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını
qoruyub saxlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir