
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın
iqtisadiyyatı ilə bağlı proqnozlarını aşağı salıb.
Trend xəbər verir
ki, bu barədə sentyabr ayında dərc olunan “Regional Economic
Prospects” hesabatında qeyd olunur.
Yenilənmiş məlumata əsasən, Azərbaycanın 2025-ci ildə real ÜDM
artımı 2% səviyyəsində gözlənilir. Halbuki may ayında verilən
proqnozda bu göstərici 2,1% idi. 2026-cı il üzrə proqnoz dəyişməyib
və 2,5% olaraq qalır.
AYİB-in məlumatına görə, Azərbaycanın iqtisadiyyatı 2023-cü ildə
1,4% artıb, 2024-cü ildə isə bu göstərici sürətlənərək 4,1%-ə
çatıb. 2025-ci ilin ilk yarısında ÜDM artımı 1,5% təşkil edib.
“Hesabata görə, iqtisadi artım 2024-cü ildəki 4,1%-dən 2025-ci
ilin ilk yarısında illik ifadədə 1,5%-ə enib ki, bu da
karbohidrogen hasilatının 3,1% azalması ilə bağlıdır. Bununla belə,
qeyri-neft sektoru tikinti, ticarət və turizmin hesabına 3,8% artım
nümayiş etdirib. Hazırda qeyri-neft sektorları ÜDM-in üçdə
ikisindən çoxunu formalaşdırır. İnflyasiya 2024-cü ildə orta
hesabla 2,2% olduğu halda, 2025-ci ilin səkkiz ayı ərzində 5,6%-ə
yüksəlib ki, bu da ərzaq məhsulları və xidmətlərin bahalaşması ilə
izah olunur. 2025-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı əsas
uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7,0%-ə endirib və bununla
da 2023-cü ilin sonundan bəri ümumi yumşaldılmanı 200 baza bəndinə
çatdırıb. Halbuki inflyasiya hədəf koridorunun (4% ±2) yuxarı
həddinə yaxınlaşıb”,- hesabatda vurğulanır.
AYİB bildirir ki, ölkənin fiskal və xarici ehtiyatları güclü
olaraq qalmaqdadır.
“2025-ci ilin birinci yarısında dövlət büdcəsi ÜDM-in 4,4%-i
həcmində profisitlə icra olunub ki, bu da 2024-cü ilin
göstəricisindən bir qədər aşağıdır. Bununla belə, gəlirlər və
neftin qiyməti proqnozları üstələyib. Beynəlxalq ehtiyatlar
(Azərbaycan Dövlət Neft Fondunun – SOFAZ/ARDNF aktivləri daxil
olmaqla) 2025-ci ilin ortalarınadək 78,8 milyard ABŞ dollarına
çatıb və bu, üç ildən artıq idxalı ödəməyə kifayət edir. Nəticədə,
“Moody’s” agentliyi 2025-ci ilin iyun ayında Azərbaycanın suveren
reytinqini Baa3 səviyyəsinə yüksəldib və dövlət maliyyəsinin
dayanıqlığını qeyd edib. Real ÜDM-in 2025-ci ildə 2%, 2026-cı ildə
isə 2,5% olacağı proqnozlaşdırılır. Sabit qeyri-neft sektoru artımı
neft-qaz sənayesindəki zəifləməni kompensasiya edəcək. Əsas risklər
enerji resurslarının qiymətlərində dalğalanma, qlobal ticarətdəki
qeyri-müəyyənlik və regional geosiyasətlə bağlıdır. Bununla yanaşı,
Aİ ilə enerji əməkdaşlığı, Orta Dəhlizin genişlənməsi və ABŞ
tərəfindən dəstəklənən Ermənistanla sülh təşəbbüsü yeni ticarət
marşrutlarının açılması və investor etimadının möhkəmlənməsi üçün
imkanlar yaradır”, – sənəddə qeyd olunur.

