
Bakı. Trend:
Gürcüstan “yaşıl” hidrogenin inkişafı üzrə strategiya hazırlayır
ki, bu da sahə üzrə yol xəritəsinin və fəaliyyət planının tətbiqi
üçün əsas olacaq.
Trend xəbər verir
ki, bunu cümə günü Bakıda keçirilən “Azərbaycan və Mərkəzi Asiyanın
Yaşıl Energetika Həftəsi” çərçivəsində çıxış edən Gürcüstan
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi və
bərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini Omar
Sereteli bildirib.
Onun sözlərinə görə, məhz bu strategiya əsasında Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda “yaşıl” hidrogenin
inkişafı üzrə yol xəritəsi və fəaliyyət planının hazırlanmasına
başlayıb.
O qeyd edib ki, 2024-cü ildə ölkədə Energetika və İqlim üzrə
Milli Plan təsdiqlənib və burada ayrıca bənd kimi “yaşıl” hidrogen
strategiyasının işlənib hazırlanması nəzərdə tutulub.
Bu strategiyanın hazırlanmasına cavabdeh qurum kimi dövlət
şirkəti olan “Georgian Energy Development Fund” təyin olunub.