Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib (FOTO)

Baş səhifə

Bakı. Trend6

2025-ci il sentyabrın 27-də Almaniyanın Nürnberq şəhərinin
mərkəzində – tarixi qala divarlarının içərisində, xarici
turistlərin ən sıx olduğu məkanda Azərbaycanın mina qurbanlarına
dair açıq səma altında fotosərgi keçirilib.

Trend xəbər verir
ki, fotosərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyinin
icra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində
açılıb. Layihədə QHT-nin yerli tərəfdaşı Bakı-Nürnberq Mədəniyyət
və Təhsil Mərkəzi olub.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev
bildirib ki, sərginin məhz Vətən müharibəsi şəhidlərinin Anım
Günündə Nürnberqdə təşkili rəmzi məna daşıyır: “II Dünya
müharibəsindən sonra- 1945-1946-cı illərdə nasist rəhbərlərinin
beynəlxalq tribunalda mühakiməsi burada keçirilib. Bu səbəbdən
müharibə cinayətkarlarının cəzalandırıldığı, ədalətin təmin
edildiyi Nürnberq şəhəri beynəlxalq hüquq tarixində xüsusi yer
tutur. Biz inanınırıq ki, işğal dövründə – 30 il ərzində Azərbaycan
torpaqlarına 1 milyondan çox mina basdırmağa tapşırıqlar vermiş
Ermənistanın hərbi-siyasi liderləri də bu müharibə cinayətlərinə
görə cavab verəcək. Ona görə də məhz Anım Günündə biz dünyaya
Nürnberqdən xitab edirik”.

Fotolarda mina qurbanları adından insanlara müraciətlər yer
alıb. Mina qurbanı, yol təsərrüfatı işində çalışmış Pərviz
Nəcəfovun fotosu üzərində yazılıb: “Mən yolları minalar kimi
insanları ayırmaq üçün deyil, insanları birləşdirmək üçün çəkirdim.
Bir partlayış gözümün və ayağımın itirilməsi ilə nəticələndi, digər
minaya məni xilas etməyə gələnlər düşdü. Eyni yerdə ümid neçə dəfə
puç ola bilər ki?!” (“I was building roads to bring people
together, not to separate them as the mines have done. One blast
took my eye and my leg; another scarred those who tried to rescue
me. Tell me, how many times can hope explode in the same place?”).
Mina qurbanı Xəzər Babaşov isə fotosu üzərinə qeyd buraxaraq, sərgi
ziyarətçilərinə üz tutaraq soruşub: “Mən günahkaram? Bəli, yoxsa,
xeyr? Siz deyin, fotonun altındakı kağıza yazın.

Cavabınızı gözləyəcəm. Sürücü idim, insanları sağ-salamat bir
yerdən başqa yerə aparmağa çalışırdım. Avtomobildən kənara bir
addım atım. Partlayış səsi gəldi. Və mənim həyatım əbədi olaraq
çökdü. Hələ də özümü sorğulayıram: yerə düşməsəydim, bu, olardımı?
Mənə deyin, günahkarammı? Bəlkə sizin cavabınız məni didən suallara
nəhayət, son qoyar”.

Sərgi böyük maraqla qarşılanıb, ziyarətçilər Azərbaycanın
üzləşdiyi mina probleminin miqyası barədə statistika ilə tanış
olub, fotolardan təsirlənib.

Qeyd edək ki, bu, ötən gün – sentyabrın 26-da Almaniyanın Münhen
şəhərinin mərkəzi Karlsplatz meydanında açılmış sərginin davamı
olub.

Sərgidə mina qurbanlarına dair 20-dən çox fotoşəkil, insan
hekayələri nümayiş etdirilib. Hər bir foto yalnız fərdi bir
hadisəni deyil, bütöv bir xalqın üzləşdiyi humanitar faciəni əks
etdirib. Fotolardakı mina qurbanları barədə QR kod vasitəsilə əlavə
məlumatlar verilib.

“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digər
ölkələrində də davam etdirməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir