Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub.
Oxu.Az xəbər verir ki, son turun son iki oyununda darmadağın qeydə alınıb.
Əvvəlcə “Sumqayıt” “Səbail”i meydana çıxmağına peşman edib. Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar Bəybalayev vurub.
Xallarının sayını 22-yə çatdıran “Sumqayıt” mövsümü 7-ci, 15 xala malik “Səbail” isə sonuncu – 8-ci pillədə başa vurub.
Ardınca isə əzəli rəqiblərin dueli baş tutub. Artıq çempionluğu təmin etmiş “Qarabağ” ikinci pillədə qərarlaşacağı dəqiqləşmiş “Neftçi” ilə üz-üzə gəlib.
“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 5-ci və 14-cü dəqiqələrdə Patrik Andrade, 10-cu dəqiqədə Kadi Borges fərqlənib.
57-ci dəqiqədə qonaqların qapıçısı İvan Brkiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Ramon Maçado təsəlli qoluna imza atıb.
“Qarabağ” qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. “Neftçi” isə 50 xalda qalıb.
Azərbaycan Premyer Liqasının bombardiri də bəlli olub. “Qarabağ”lı Kadi “Neftçi”yə qarşı oyunda da fərqlənməklə qollarının sayını 12-ə çatdırıb və şəxsi uğura imza atıb.
Qeyd edək ki, günün ilk matçlarında “Zirə” “Şamaxı” ilə qolsuz heç-heçə edib. “Qəbələ” isə “Sabah”la bərabərə qalıb – 1:1.
www.RIA24.az