İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən 2021/2022 mövsümünün futbolçusu seçilən “Qarabağ”ın futbolçusu Kadi Borqes müfakatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə mövsümü bombardir kimi başa vuran braziliyalı yarımmüdafiəçi qarşıya qoyulan hədəflərdən danışıb.
– Mövsümün futbolçusu seçilməyinizlə bağlı təəssüratlarınız necədir?
– Son aylar möhtəşəm hisslər yaşayıram. Həm çempionluğun qeyd olunması, həm bu cür mükafatlara layiq görülməyim xoş hisslər yaşadır. Möhtəşəm bir komandanı təmsil etdiyim üçün xoşbəxtəm. Bu mükafatı onlara həsr edirəm. Bu uğura “Qarabağ”ın bütün futbolçuları layiqdir. Onların dəstəyi olmadan bunu əldə edə bilməzdim. Bu, həm də bizim “Qarabağ” ailəsinin uğurudur.
– 12 qolla Premyer Liqanın bombardiri oldunuz. Halbuki buna qədər ən məhsuldar oyunçu daha çox qol vururdu. Az topla bombardir olmağınız rəqabətdən qaynaqlanırdı, yoxsa komanda yoldaşlarınız da buna iddia edirdi?
– Sadəcə öz komandamla bağlı danışa bilərəm. Fikir verdinizsə, həm Abdullah Zubir, həm İbrahima Vadji geridən gəlirdi. Bu, əsl kollektiv göstəricisi idi. Komanda sırf bir nəfər üçün çalışmırdı. Ümumi komandanın uğuru olduğu üçün hamı bir amala xidmət edirdi. Konkret bir futbolçunun bombardir olması məqsədi yox idi. Hər şey komandanın uğuruna yönəlmişdi.
– Mövsümü “Qızıl dubl”la başa vura biləcəksiniz?
– Buna inanıram. Çünki bizim əsas məqsədimiz budur.
– Avrokuboklarda “Qarabağ”dan nə gözləyək?
– Təbii ki, “Qarabağ” olaraq ən böyük məqsədlərdən yayına bilmərik. Əsas hədəfimiz Çempionlar Liqasının qrupu olmalıdır. Bu məqsəd uğrunda da mübarizə aparacağıq.
Səbuhi Musa
www.RIA24.az